Tbilisidə Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib - FOTO
11.04.2021 01:40
351
Mədəniyyət
A
Tbilisidə Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib - FOTO
10 aprel tarixində etnik azərbaycanlı və gürcü ziyalılarının, elm adamlarının, ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib. Aktualgexəbər verir ki, tədbirdə layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı qonaqlara ətraflı məlumat verdi. “Bu kitabın işıq üzü görməsi Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilir, əminəm ki, Nərimanovun həm əsərləri, həm də yaşadığı şərəfli həyat yolu ilə tanışlıq bu dahi insanı gürcü dilli oxuculara sevdirəcək, Azərbaycan və gürcü xalqları arasında mövcud olan sarsılmaz dostluq əlaqələrini daha da möhkəmləndirəcək. N. Nərimanov Azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvoludur” və iki xalq arasında “mənəvi körpü” rolunu oynayır. Gürcüstanın təhsil nazirliyinə ünvanlanan məktubda Nərimanovun əsərlərinin “Gürcüstan Ədəbiyyatı” dərsliyinə daxil edilməsi təklifi ilə çıxış etmişəm. Təəssüf ki, Gürcüstanda fəaliyyət göstərən 120-yə yaxın Azərbaycan məktəblərində gürcü dili tədris edilsə də, “Gürcüstan Ədəbiyyatı” fənni tədris edilmir. Gələcəkdə bu məktəblər üçün tərtib ediləcək “Gürcüstan ədəbiyyatı” dərsliyinə Nərimanovun əsərlərinin salınması bütün Gürcüstan azərbaycanlılarının böyük sevincinə səbəb olardı”- deyə Ayügl İsayeva vurğuladı. Əsərləri gürcü dilinə tərcümə edən filoloq Oktay Kazımov kitabın iki dildə Azərbaycan və gürcü dillərində işıq üzü görməsinin önəmli olduğunu qeyd elədi: “Azərbaycanlılar arasında da N. Nərimanovun əsərlərini oxumayan, onun yaradıcılığı ilə tanış olmayanlar var. Kitabın gürcü dilinə tərcümə edilməsi ilə yanaşı Azərbaycan dilində də işıq üzü görməsi çox vacib bir qərar idi”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov ümummilli lider Heydər Əliyevin həmişə Nərimanov irsini yüksək qiymətləndirməsini, onun təşəbbüsü ilə Bakıda əzəmətli heykəlinin ucaldılmasını, ev-muzeyinin yaradılmasını, Nərimanovun Azərbaycanın hududlarından kənarda tanınmasında böyük rol oynadığını vurğuladı. Professor Bardi Naçkebia bu tədbirə məmnuniyyətlə qatıldığını söylədi: “Təssüflər olsun ki, gürcü ictimaiyyəti Nəriman Nərimanovu gec tanıyıb. Əvvəllər o, böyük dramaturq və yazıçı kimi yox, yalnız ictimai siyasi xadim kimi tanınırdı. Onun əsərlərinin gürcü dilinə tərcümə edilməsi olduqca sevindirici haldır. Bununla gürcü ictimaiyyəti onu daha yaxından tanıyacaq. Mən çox şad oldum və ümid edirəm ki, yaxın gələcəkdə onun pyeslərini gürcü teatrlarında da görəcəyik. O, qeyri-adi yazıçı və böyük dramaturqdur. Nərimanovun əsərlərinin gürcü dilinə tərcümə edilməsi bir daha bizim xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixini və sarsılmaz olduğunu göstərir.” Digər çıxış edənlər də Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin nümayəndəsi, səfirin müavini Onur Sevim, SOCAR Georgia Gas şirkətinin baş direktoru Azər Məmmədov, Yunus Əmrə İnstitunun rəhbəri Ali Oğuzhan Yüksel, həkim Aleksandr Beqiaşvili, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov, “Maarif “qəzetinin redaktoru Ələddin Qarabağlı, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseyinli, Beynəlxalq Qara Dəniz Universitetinin məzunu və işçisi Mədinə Məmmədova, Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri bu layihənin ərsəyə gəlməsini yüksək qiymətləndirdilər. Sonda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təhsil alan Qorqud Abbaslı Nərimanovun ölümündən iki ay qabaq 6 yaşlı oğlu Nəcəfə yazdığı tamamlanmamış məktubunu oxudu. Qeyd edək ki, N. Nərimanovun əsərləri ilk dəfə olaraq gürcü dilinə tərcümə edilmişdir. Oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri və “Bahadır və Sona” romanı iki dildə - Azərbaycan və gürcü dillərində işıq üzü görmüşdür. N. Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazmışdır. N.Nərimanov “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə ilk milli romanın əsasını qoyub.
ŞƏRH YAZ
1