Ramazan ayının 22-dən 23-nə keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsi mərasimi Gürcüstanda yaşayan müsəlmanlar tərəfindən yad edilib.
Aktual.ge xəbər verir ki, Gürcüstanın bir sıra rayonları ilə yanaşı müsəlmanların kompakt yaşadığı Marneuli rayonunda yerləşən Hz İmam Həsən (ə.s) və Hz İmam Əli (ə.s) məscidlərində də, inanclıların iştirakı ilə müqəddəs Ramazan ayının 3-cü Qədr gecəsi mərasimi təşkil olunub.
Bu gecədə inanclılar məscidlərə toplaşıb, Allahdan günahlarının bağışlanılması, dualarının qəbul olunmasını diləyib.
Mərasimdə natiqlər gecənin əhəmiyyətindən danışaraq Qədr gecələrinin fəzilətlərini qeyd edib və bu gecələrin Allahdan bağışlanma istəmək üçün ən yaxşı fürsət olduğunu bildiriblər.
Daha sonra möminlərlə birgə dua və münacatlar oxunub.
Əksər məscidlərdə gecənin sonunda möminlər üçün imsak süfrəsi təşkil olunub.
Qədr gecəsinin dəqiq hansı gecə olduğu bəlli deyil. Amma İslam Peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır. Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.