Azərbaycanın Gürcüstandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
27.09.2021 17:41
273
Mədəniyyət
A
Azərbaycanın Gürcüstandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Gürcüstanda ehtiramla yad olunub.

Aktual.ge xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində yaradılmış fotosərgi ilə tanış olublar.

Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müşaviri Eldar Bayramov tədbiri açaraq Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb.

Bildirilib ki, düz bir il əvvəl Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozaraq Azərbaycan ərazilərinə müxtəlif istiqamətlərdən hücum ediblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun bölmələri düşmənin hücumunun qarşısını alıb və əks-hücum əməliyyatlarına başlayıb. Bu isə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatıb.

E.Bayramov işğal altındakı ərazilərdə vandallarının törətdiyi vəhşiliklər barədə gürcüstanlı jurnalistlərin də xüsusi reportajlar hazırladıqlarını, artıq dünya ictimaiyyətinə bununla bağlı məlumatlar çatdırıldığını bildirib. Diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda şəhidlərin Anım Günü kimi qeyd edilir. Eyni zamanda, o, Ali Baş Komandanın sentyabrın 27-də xalqa müraciəti barədə məlumat verib.

Sonra Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan sənədli film nümayiş olunub.

Tədbirdə Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri, Türkiyənin Tbilisidəki səfirliyinin hərbi attaşesi polkovnik Burak Altunər, attaşe aparatının zabitləri və digər rəsmi şəxslər iştirak ediblər.

ŞƏRH YAZ
3