Mirtəqi Əsədov baş verənlərə belə reaksiya verdi
15.10.2021 22:08
1827
Siyasət
A
Mirtəqi Əsədov baş verənlərə belə reaksiya verdi

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri seyid Mirtəqi Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəsi Axund Hacı Əli Əliyevin sabiq Dövlət başçısı Mixeil Saakaşviliyə müraciət etməsinin ardından Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) tərəfindən Axundun əleyhinə kəskin ifadələrlə reaksiya verilməsinə münasibət bildirib.

Baş verən proseslərlə bağlı Aktual.ge xəbər portalına danışan ÜGMADİ sədri Ə.Əliyevi müdafiə edib.

"Son proseslərlə əlaqədar bunu deyə bilərəm ki, hər kəs öz istədiyi şəxsə dəstək verə bilər. Fikirni azad ifadə edə bilər. Burada heç bir problem yoxdur. Hər kim öz mövqeyini ortaya qoya bilirsə, ifadə azadlığından irəli gəlir. Həm də bu vətəndaş cəmiyyetinin tələbidir ki, istənilən qurum və quruluş ölkədə baş verən hər bir prosessi, halı və durumu musbət ya mənfi tənqid edərək, ortaya fikir qoysun. Bu gözəl bir addımdır; çünki demokratik ölkələrin də, məhz tələbi budur. Buna "vətəndaş cəmiyyətinin aktivliyi" deyirlər. Bir ölkədə vətəndaşı, cəmiyyətini boğub səsini kəsmək, həmin ölkənin tərəqqisindən deyil, tənəzzülündən xəbər verir. Əli Əliyevin hal-hazırda həbsdə olan sabiq prezidentə məktub ünvanlaması da məhz elə həmin prinsipə dayanır",-deyə o, qeyd edib.

M.Əsədov GMİ-nin müvafiq reaksiyasını kəskin sözlərlə tənqid edib və xəyanətdə günahlandırıb.

"Gürcüstan Müsəlmanları İdarəsinin verdiyi bəyanata gəlincə bunu sifarişli hesab edirəm. Hər kəs bilir ki, bu İdarənin qurulma tarixi keçmiş prezident Mixeil Saakaşvili dövründə olub. Saakaşvilinin ən böyük səhvlərindən biri də müsəlmanları saymadan, onların adına İdarə qurmuş olmasıdır. Bu da onun əleyhinə işlədi. Bunu biz qəbul etmirik. Həm keçmişdə tənqiddə etmişik, həm də indi tənqid edirik. Bunların bu addımı necə deyərlər, öz yedikləri qaba qaytarmaq kimi bir şeydir, o qabı murdarlamağa bənzəyir. GMİ-də oturan şəxslərin hamısı yaxşı bilir ki, bunu o vaxt Saakaşvilinin bəzi bəlli qurumları qurub onlara verib. Bu gün onlar Mişanın yaradıb qurduğu, tikdiyi evin içində oturub ev sahibinin əleyhinə addım atırlar. Ümumiyyətlə bunlardan başqa bir şeydə gözləmək olmaz. Bu İdarənin bəyanatında anormal ifadələr də var idi. Bu isə onların illüziyalara qapalmasından xəbər verir. Onların ağzıdolu danışdığı yalanlardan biri də, 'Biz bütün Gürcüstanda rühaniləri təmsil edirik' ifadəsi idi. Yalan danışırlar. yalançıdırlar onlar. Xəyanət və yalan-palan üstə qurulan bir təşkilatdan başqa bir şey gözləmək də anormallıq olar. Alqişladılarmı? xeyr. Həmişə qınanan təşkilatı bu dəfə daha çox qınadı cəmiyyətimiz. Onlar özlərinə qarşı daha çox nifrət yaratdılar. Ona görə ki, onlar elə düşünürlər ki, sanki ruhanilər onların qullarıdır. Xeyir. Maaş verməklə onlar sizin köləniz deyil. Həmin rühanilərə maaşı bizdə verə bilərik. Necə ki, həmin tənqid etdiyiniz idarədə verirdi (Qafqaz Müsəlmanları İdarəsini nəzərdə tutur -red). Sabah da verə bilər. Ancaq bu o anlama gəlmir ki, din xadimləri kiminsə qulu, köləsidir. Biz də sizi kimi həmin rühani qardaşlara maaş verəcəkdik, ancaq sizin xəyanət imzanız buna əngəl törətdi. Onlara tövsiyəm budur ki, Unutmasınlar ki, onlar əl "kuklalarıdır", sarayın, hakimiyyətin təmsilçiləridir. Bunu biz hemişə demişik, yenə də deyirik: Saray necə sifariş edib tapşırıq verirsə, siz də elə sözcülüyünüzü yerinə yetirirsiniz. Millətin təmsilçisi xalqın yanında olmalıdı. xalqa bağlı olmalıdı. Onsuzda kifayət qədər özlərini də, dinimizidə ləkəliyiblər batıblar. Çalışsınlar bundanda artıq biyabırçılıq etməsinlər, batmasınlar",-deyib ÜGMADİ sədri.

Xatırladaq ki, Axund Hacı Əli Əliyev Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşviliyə müraciət edib. Onun müraciətində qeyd olunub: "Hər bir müqəddəs dində olduğu kimi, İslamda da insanın özünə zərər verməsi böyük günah sayılır. Xahiş edirəm hüquqlarınız uğrunda mübarizə apararkən bədən üzvlərinə zərər verməyin. Ümid edirik ki, Gürcüstan və Avropa qanunları çərçivəsində hüquqlarınızı bərpa edəcəksiniz. Siz Gürcüstanın üçüncü Prezidenti və Gül İnqilabının lideri olaraq dövlətimizi iqtisadi-siyasi və ağır kriminal vəziyyətdən xilas etdiniz, postsovet ölkələri arasında nümunəvi və nümunəvi bir ölkəyə çevirdiniz. Sizin sayənizdə bütün sahələrdə islahatlar aparılıb. Biz azərbaycanlılar özümüzü azad və dinc, bərabər hüquqlu vətəndaşlar kimi hiss edirdik. Qürurla deyə bilərəm ki, xalqımız sizin xarici və ya daxili siyasətinizi həmişə dəstəkləyib. Prezidentliyiniz dövründə xalqımıza göstərdiyiniz böyük hörmət və diqqət heç vaxt unudulmayacaq".

Hacı Ə.Əliyevin müvafiq müraciətinə isə Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən sərt reaksiya verilib

"Əli Əliyevin Mixeil Saakaşviliyə açıq məktub ünvanlandığını mətbuatdan duyduq. Onun mütəmadi olaraq siyasətə qarışdığını və seçkilər zamanı siyasi tərəfkeşlik etdiyinə hər kəs şahid olur. Bu addımlar həm din xadimləri və həm də bütün müsəlman icması tərəfindən xoş qarşılanmır. Həmçinin Əliyevin təmsil etdiyi dini qurumun müsbət baxdığına inanmırıq. Çünkü onun bu addımı ölkədə stabilliyin yaşamasına xidmət göstərmir. Gürcüstanda millətindən, məzhəbindən aslı olmayaraq bütün müsəlmanları bir araya toplayan, onların dini sahədə olan ehtiyaclarını təmin edən müsəlmanları icma olaraq təmsil edən qurum Gürcüstan Müsəlmanları İdarəsidir".

ŞƏRH YAZ
8