Tbilisidə “Yeni Proses” adlı nəşriyyat təsis edilib
25.11.2021 21:04
191
Mədəniyyət
A
Tbilisidə “Yeni Proses” adlı nəşriyyat təsis edilib

Tbilisidə azərbaycanlılara aid nəşriyyat təsis edilib.
 
Aktual.ge xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı iş adamları, ziyalı və aktivistlərin birgə təşəbbüsü ilə “Yeni Proses” adlı nəşriyyat təsis edilib.
 
Sözügedən təşkilatdan verilən məlumata görə, nəşriyyatın əsas məqsədi Gürcüstan azərbaycanlılarının mədəni həyatının keyfiyyətini yüksəltmək, Azərbaycanda və dünyada nəşr edilən müasir ədəbiyyat nümunələrini Gürcüstan azərbaycanlıları üçün əlçatan etməkdir.
 
Nəşriyyatın direktor müavini Teyva Qəribova “Yeni Proses”in fəaliyyətində prioritet sahələrin sülh quruculuğu, qadın hüquqları, şəxsi azadlıqlar, liberal dəyərlər və etnik inteqrasiya olacağını bildirib: “Biz inanırıq ki, Qafqaz xalqları bir-birinin ədəbiyyatı, incəsənəti ilə daha yaxından tanış olmaq şansı əldə etsələr, aralarındakı dostluq bağları daha da möhkəmlənər, bölgəmizdə daimi sülh bərqərar olar. Bunun üçün də yuxarıda qeyd olunan sahələrdə yazılmış bədii ədəbiyyatın azərbaycanca və gürcücə tərcümə və nəşrlərini həyata keçirəcəyik.”
 
Məlumat üçün qeyd edək ki, Gürcüstanda ilk dəfə azərbaycanlıların təsis etdiyi nəşriyyat Mirzə Cəlil və Ömər Faiq Nemanzadənin birlikdə qurduğu “Qeyrət” nəşriyyatı olmuşdur. “Qeyrət” nəşriyyatı 1905-1911-ci illərdə fəaliyyət göstərmişdir. “Yeni Proses” nəşriyyatı 110 il sonra bu ənənəni bərpa edən ilk nəşriyyatdır.

ŞƏRH YAZ
2