Bu gün, 3 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin ilk iclası baş tutub.
Aktual.ge xəbər verir ki, ilk iclasda Marneuli Bələdiyyə Məclisinin sədri və müavinləri yerli deputatlar tərəfindən səs vermə ilə seçilib.
Marneuli Bələdiyyə Məclisinə sədr Amiran Giorgadze seçildikdən sonra o, kürsüyə əyləşib və ona etimad göstərdikləri üçün təşəkkür edib və birinci müavinliyinə Marneuli 2 saylı seçki dairəsindən Tariyel Məmmədovun namizədliyini irəli sürüb.
İlk sessiyada həyəcan dolu anlar yaşanarkən, "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisinə proporsional siyahıdan ikincisi Adil Əliyev etiraz əlaməti olaraq zalı tərk edib.
Aktual.ge-nin sualını cavablandıran A.Əliyevin sözlərinə görə, o, T.Məmmədovun namizədliyinə etiraz edib və dəstəkləməyəcəyini bildirib.
"Verilən qərarla razılaşmadığım üçün sessiyanı tərk etdim. Bir çox səbəb var. Yəqin ki, gələcəkdə lazımi açıqlamanı verəcəyəm. Eyni zamanda onu da bildirim ki, yeni bələdiyyə sədrinin əleyhinə deyiləm. Bunu da qeyd edim ki, Məclis sədrinin müavinliyinə Tariyel Məmmədovun namizədliyini çıxmaq şərtilə digərlərini dəstəkləyəcəyəm",-deyə A.Əliyev qeyd edib.