Gürcüstanda Bakını işğaldan azad edən türk əsgərlərinin məzarı axtarılır
Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində Bakının işğaldan azad edilməsində iştirak etmiş 7-8 türk əsgərinin məzarlarını müəyyənləşdirmək mümkün olmayıb".
Aktual.ge xəbər verir ki, bunu Report-a Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib.
Onun sözlərinə görə, rayonun Sadaxlı kəndində bir türk əsgərinin dəfn olunduğu barədə məlumatlar daxil olub: “Hazırda həmin məzarla bağlı araşdırmalar aparılır”.
Sadaxlı sakinləri Report-a Qafqaz İslam Ordusunun əsgərinin kənd qəbiristanlığında dəfn edildiyini təsdiqləyiblər. Onların sözlərinə görə, məzarın başdaşı taxtadan olduğundan uçulub-dağılıb və onun yerini müəyyən etmək çətinləşib. Həmin hərbçinin bir neçə il Sadaxlıda yaşadığı və ondan bəzi şəxsi əşyaların yadigar qaldığı da bildirilib.
Qeyd edək ki, sabah Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümüdür. 1918-ci ilin avqust-sentyabr aylarında Türkiyənin hərbi qüvvələri Azərbaycana Gürcüstan vasitəsilə piyada yollanıb. Hərbçilərin bəziləri Gürcüstandan keçməklə Türkiyəyə qayıdarkən vəba və digər xəstəliklərdən vəfat edib.
Marneulin rayonunun Qızılhacılı kəndinin bəzi ağsaqqaları kənd qəbiristanlığında 7-8 türk əsgərinin məzarlarının olduğunu iddia edirlər. Ötən ilin mayında Türkiyə səfiri kəndə səfər edərək məzarlığın olduğu deyilən yerə baş çəkib. Məzarlığın aşkarlanacağı təqdirdə onun abadlaşdırılması və xatirə lövhəsinin quraşdırılması planlaşdırılır.