Marneuli-Algeti maqistralının Sabirkənd kəndində ağır avtomobil qəzası baş verib.
Aktual.ge-nin verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi təxminın 00:30 radələrində qeydə alınıb.
Hadisə yerindən əldə edilən məlumata görə, sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil sükan saxlaya bilməyib və yol kənarında saxlanılmış vəziyyətdə dayanan "Evakuatora" çırpılıb. Ağır yol qəzası zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildə əyləşən orta yaşlı qadın ağır yaralanıb.
Belə ki, sürətlə "Evakuatora" çırpılan avtomobilin ön hissəsində əyləşən qadının bir ayağı maşının mühərrikinə ilişib. Hadisə yerinə cəlb olunan sakinlərin köməyi ilə çətinliklə qəzaya uğramış avtomobildən çıxarılan qadın təcili yardım ilə Marneulidəki xəstəxanaya aparılıb.
Hadisə yerinə təcili yardımın gec gəlməsi isə patrul polis ilə ətraf sakinlər arasında sözlü qarşıdurma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.