Zaur Darğallı:
27.06.2022 16:06
522
Siyasət
A
Zaur Darğallı: "Mənim dövrümdə meriaya qəzalı bina barədə müraciət edilməyib"

Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallının sözlərinə görə, onun Marneuli meri vəzifəsində çalışdığı dövürdə Meriaya qəzalı vəziyyətdə olan yaşayış binası ilə bağlı müraciət daxil olmayıb.

Aktual.ge xəbər verir ki, o, jurnalistlərə açıqlamasında belə deyib.

Millət vəkili bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinə və eləcə də hər bir Marneuli sakininə başsağlığı verdiyini ifadə edib.

"Qubernatorun da dediyi kimi meriya məsələnin tez bir zamanda həlli üçün aktiv olaraq fəaliyyət göstərir. Biz, dünən gecə ailələrin evlərinə baş çəkdik. Bu gün də davam edəcəyik. Xəstəxanaya gedəcəyik. Bildiyiniz kimi, 2 nəfər azyaşlı klinikadadır və həkimlərin onlara tibbi müdaxilə etməsi çox əhəmiyyət kəsb edir. O ki, qaldı binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar meriaaya hər hansı bir məktubun daxil olmasına, mən deyə bilərəm ki, bu barədə meriaya heç bir məktub daxil olmayıb. Bilirsiniz ki, 2019-2020-ci illərdə Marneuli meri vəzfisəində çalışmışam və mənim işlədiyim vaxtlarda istər rəsmi, istərsə də qeyri-rəsmi heç bir müraciət daxil olmayıb",-deyə Zaur Darğallı qeyd edib.

O deyib ki, dünənki hadisədən 20 dəqiqə sonra Marneuli meri və müavini olay yerində olub.

"Mən, mer və sakrebulo sədri mərhumların ailələrə də baş çəkdik. Arından bütün gecə həkimlərlə aktiv əlaqəmiz olub. Məlum olduğu kimi, ailələrə maddi yardım da göstəriləcək. Sözügedən binada ekspertiza işlərinin aparılması üçün meriya artıq lazımi işlərin görülməsinə başlamışdır. Ən qısa vaxtda əlimizdə bina barədə dəqiq bir nəticə olacaq",-deyə Parlamentin üzvü qeyd edib.

Xatırladaq ki, ötən gün Marneuli Bələdiyyəsinin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub. Bədbəxt hadisə nəticəsində biri hamilə olmaqla 2 qadın dünyasını dəyişib və binanın həyətində oynayan 2 azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hazırda uşaqlardan biri Marneulidə digəri isə Tbilisidə klinikadadır. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ötən gün yerli sakinlər binanın qəzalı vəziyyətdə olduğunu söyləyib və bununla bağlı 2 ildir ki, meriaya müraciət etdiklərini bildiriblər, lakin araşdırılma aparılmadığını ifadə ediblər.

ŞƏRH YAZ
16