Rusların ölkəmizə kütləvi miqrasiyası, düşmənə qucaq açmaq, sərhədi bağlamamaq, iki velosiped 50 lari -
01.10.2022 13:00
531
Siyasət
A
Rusların ölkəmizə kütləvi miqrasiyası, düşmənə qucaq açmaq, sərhədi bağlamamaq, iki velosiped 50 lari - "Yuxarı Lars"da nə baş verir? — FOTOREPORTAJ

Sentyabrın 21-də Moskvanın qismən səfərbərlik elan etməsindən sonra rusiyalıların Ukraynadakı müharibəyə münasibəti bir qədər də aydınlaşdı. Səfərbərlik elan edilməsindən sonra Rusiyadan xüsusilə də viza tələb etməyən qonşu ölkələrə kütləvi miqrasiyanın ikinci və bəlkə də ən şiddətli dalğası başlandı. Birinci dalğada əsasən tətbiq edilən sanksiyalar səbəbi ilə işini Rusiyada davam etdirə bilməyənlərin, imkanlı rusiyalıların daha əlverişli şərtlər təqdim edən ölkələrə üz tutduğunu görürdük. Bu dəfə isə durum fərqlənir. İndi ölkəsindən tələsik çıxmağa çalışanların böyük bir hissəsini müharibədə iştirak etmək istəməyən, səfərbərlikdən boyun qaçıranlar təşkil edir. Bunların arasında ən yoxsul rusiyalılar var.

“Düşməni” qonaq etmək 

Gürcüstanın Rusiya vətəndaşları üçün viza tələb etməyən ölkələrdən biri olması onun rusiyalıların kütləvi miqrasiyasının əsas istiqamətlərindən birinə çevrilməsi ilə nəticələnib. Statistika qismən səfərbərlik qərarından sonra bu ölkəyə gələn rusiyalıların sayının kəskin artdığını göstərir. Rəqəmlər fərqlidir. Müxalifət artıq 250 min rusiyalının Gürcüstana yerləşdiyini və bunun əhəmiyyətli demoqrafik dəyişiklik yaratdığını bildirir. Hökumət isə müxalifətin açıqladığı rəqəmlərin həqiqətə uyğun olmadığında israrlıdır. Müxalifət partiyalarının bəziləri və vətəndaş cəmiyyəti Rusiya ilə sərhədlərin bağlanılmasını, digər bir hissəsi ilə ruslara viza rejiminin tətbiq edilməsini tələb etsə də, hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze "Rusiya-Gürcüstan dövlət sərhədinin bağlanmamasının əsas səbəblərindən biri həmvətənlərimizin Rusiya Federasiyasında yaşaması və onların da Gürcüstana daxil olmaqda maraqlı olmasıdır" deyərək, sərhədin bağlamaqla bağlı bundan başqa nəzərə alınmalı olan bir çox məsələlər var mesajını verib.

Gürcüstan Daxili işlər naziri Vaxtanq Qomelauri bir neçə gün öncə jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 21-dən sonra Rusiyadan Gürcüstana daxil olanların sayı gündəlik 10-12 min nəfər təşkil edir. Bu isə əvvəlki günlərlə müqayisədə təxminən 40 faiz çoxdur. 30 sentyabr tarixində Daxili İşlər Nazirliyi son sutka ərzində 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib məlumatını verib. Üstəlik DİN rusiyalıların ölkəyə gəlişində axının nəzərəçarpacaq dərəcə azaldığını bəyan edib. Ümumilikdə rusiyalıların Gürcüstana kütləvi miqrasiyasını görmək üçün mütləq rəsmi və ya qeyri-rəsmi statistika axtarmağa ehtiyac yoxdur. Bunun üçün sadəcə Tbilisinin küçələrinə çıxmaq və kiçik bir müşahidə aparmaq yetərlidir. Rusiyalıların Gürcüstana “böyük köç”ündən sonra ölkədə bir sıra sosial-iqtisadi dəyişikliklərin meydana gəldiyini asanlıqla sezmək olur. Artıq paytaxtda və digər böyük şəhərlərdə kirayə ev bazarında, daşınmaz əmlak qiymətlərində bahalaşma qeydə alınır.  Ekspertlər problemin digər tərəfinin isə təhlükəsizliklə bağlı olduğu bildirirlər. Yayılan, lakin hələ təsdiqlənməmiş məlumatlara görə, indi Gürcüstana üz tutan ruslar arasında 2008-ci ildə ölkəmizə qarşı vuruşanlar da var.

"Biz Putinə kömək etmək istəmirik"

Hökumət Rusiya ilə sərhədi niyə bağlamadığının səbəbini açıqladı

Vəziyyətlə əlaqədar artıq bəzi müxalifət partiyaları, QHT-ı eləcə də müstəqil ekspertlər hökumətdən tədbir görməsini, Rusiya ilə sərhədi bağlamasını və ya viza rejimi tətbiq edərək kütləvi miqrasiyanın qarşısının alınmasını istəyirlər. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze isə Gürcüstanın Rusiya ilə sərhədləri bağlaması bu, Vladimir Putinin xeyrinə addım olacağını vurğulayıb: "Bu adamlar Rusiyadan qaçırlar ki, səfərbər olmasınlar və Ukraynada müharibəyə getməsinlər. Ona görə də indi sərhədi bağlasaq,  biz şübhəsiz ki, Putinə adam toplanmasına kömək etmiş olacağıq. Ona görə də bu qərarı qəbul etmək bizim üçün çox çətindir, çünki biz Putinə bu işdə kömək etmək istəmirik".

"Rusların kütləvi axını Gürcüstanın milli maraqlarına ziddir"

Gürcüstanın ABŞ-dakı keçmiş səfiri, Gürcüstan Təhlükəsizlik Şurası katibinin sabiq müavini Batu Kutelia hesab edir ki, Gürcüstana qarşı hibrid müharibə aparan Rusiyanın vətəndaşlarının kütləvi axını ölkənin milli maraqlara ziddir.

“Rusiya Gürcüstanın əsas düşməni olan ölkədir. Rusiya bizim ərazilərimizin 20 faizini işğal edib və eyni zamanda, bizə qarşı digər növ hibrid əməliyyatlar həyata keçirir. Ona görə də Gürcüstan ərazisinə kütləvi miqrasiyanın istənilən növü, xüsusilə də Rusiyadan olan kütləvi miqrasiya milli təhlükəsizliyə təhdiddir. Buna bu bucaqdan baxılmalıdır. Gürcüstanın rusiyalılarla bağlı miqrasiya siyasəti humanitar və siyasi məsələlər, lakin ilk növbədə Gürcüstanın milli təhlükəsizliyi nəzərə alınmaqla işlənib hazırlanmalıdır. Rusiyalı miqrantların kütləvi hərəkəti məhdudlaşdırılmalıdır”, - deyə Batu Kutelia qeyd edib.

"Rusiyalıların axını risk daşıyır"

Gürcüstanın tanınmış beyin mərkəzlərindən olan “Georgian İnstitute of Politics”in direktoru Korneli Kakaçia APA-ya müsahibəsində deyib ki, rusiyalıların Gürcüstana kütləvi miqrasiyası iki ölkə arasında növbəti siyasi böhranın təməlini qoya bilər.

“Biz bu insanların kim olduqlarını bilmirik və onları nəzarətdə saxlamaq üçün heç bir vasitəmiz yoxdur. Artıq bildiyimiz kimi, onlardan bəzilərinin hərbi təcrübəsi var və ona görə də Rusiyanı tərk edirlər. Biz onların niyyətlərini və bu ölkənin nə kimi gələcək planları olduğunu da bilmirik. Əlavə olaraq kütləvi miqrasiyanın sosial və iqtisadi tərəfləri də var. Mənzil və qonaqlama qiymətləri artır. Eyni zamanda, onlar Tbilisidə və Batumidə mənzil alırlar. Üstəlik Rusiya ilə Gürcüstan arasında toksik münasibətlər var. Ona görə də bu insanlarla yerli sakinlər arasında baş verə biləcək kiçik bir insidentin nə ilə nəticələnəcəyini bilmirəm. Düzü, bu, Rusiya ilə Gürcüstan arasında növbəti siyasi böhranı yarada bilər. Ona görə də bu axında risklərin çox olduğunu düşünürəm və məncə, Gürcüstan hökuməti QHT-lərlə, akademiya ilə birlikdə onun yaratdığı risklərlə, bəlkə də müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı düşünməlidir”,-deyə o, qeyd edib.

“Yuxarı Lars”da nə baş verir?

Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu il iyunun 19-da baş vermiş “Qavrilov gecəsi” hadisələri və ardınca Tbilisidə keçirilən aksiyalarından sonra Prezident Vladimir Putinin göstərişi ilə dayandırıldı. Həmin vaxtdan ölkələr arasında yeganə birbaşa gediş-gəliş “Yuxarı Lars” vasitəsilə ilə mümkün olub. Artıq istər sosial mediada, istər KİV-də yayılan görüntülər Rusiyada qismən səfərbərlik elanından sonra "Yuxarı Lars"ın həddindən artıq yükləndiyini göstərir. Sərhədin Rusiya tərəfində adamlar təxminən 20 km uzunluğunda növbələrdə gözləyir və gecələyirlər. Avtomobillərin sayının artması səbəbi ilə Vladivostokdan “Yuxarı Lars"a piyada və ya velosipedlə hərəkətə icazə verilib.

Mərhələ-mərhələ Gürcüstan

Lars yaxınlığında təsis edilmiş səfərbərlik məntəqəsini də geridə qoyaraq neytral zonaya daxil olmuş rusiyalılar sərhədin Gürcüstan tərəfində Aktual.ge xəbər portalının əməkdaşı ilə həmsöhbət olduğ zaman burada bəzən 5, bəzən də 14 saat gözlədiklərini bildirirlər. Həmsöhbət olduğumuz rusiyalı blogger bəzilərinin rüşvət verərək sərhədi daha tez keçməyə çalışdığını deyir. Gömrük prosedurlarını geridə qoyaraq Gürcüstana daxil olanları ilk olaraq reportyorlar qarşılayır. Onlar hekayələrini daha emosional, daha təsirli etmək üçün ağlayan rus qızı, rus qadını axtarırlar. Fəqət Gürcüstana gələn rusların əksəriyyəti əsgərlik çağında olan ruslardır. Miqrantları daha sonra taksi və mikroavtobus sürücüləri qarşılayır. Onlar yeni gələnlərdən, cibində lari olmayan rusiyalılardan Tbilisiyə çatdırılma müqabilində 5-6 qat bahalında gediş haqqı tələb edirlər, 3000 rubl istəyirlər. Yəqin rublun onlara uzun müddət lazım olmayacağını düşünən rusiyalılar da təkliflə razılaşırlar.

1

Rusiyalıları qarşılayan digər kütlə isə onlardan çox ucuz qiymətə velosipedlərini almağa gəlmiş yerlilərdir, burada eyni zamanda Bolnisi sakinlərinidə gördük. Bir cütlüyün iki velosipedi 50 lariyə satdığını gördük. Bəzi piyadalar və velosipedçilər isə yaxınlıqdakı Stepansmindayadək velosipedlə gedir, orada avtobus dayanacağında növbə gözləyirlər. Rusiyalıların bir hissəsi daha sonra Tbilisiyə gəlir və artıq bahalaşmış mənzillərdən birini taparaq burada qalırlar. Onlardan bəziləri isə artıq bahalaşmış hotellərdə qalaraq burada gedəcəkləri digər ölkələri seçir, bilet almağa çalışırlar. Gürcüstan DİN-in məlumatına görə, rusiyalıların 60 faizi artıq ölkəni tərk edib.

Bu gün Ukraynada müharibənin 220-cü günüdür.

 

 

ŞƏRH YAZ
2