23.03.2023 15:30
569
Siyasət
A
"Gürcü Arzusu" Moskvanın uçuşları bərpa etməsini müsbət qarşılayır

Rusiyanın Gürcüstanla mümkün birbaşa uçuşların bərpasına hakim "Gürcü Arzusu" partiyasının liderləri münasibət bildirib.

Aktual.ge xəbər verir ki, hakim partiyanın sədri İrakli Kobaxidze deyib ki, uçuşlar bərpa olunarsa, bu, Gürcüstan vətəndaşları üçün yaxşı olacaq.

"Uçuşların mümkün bərpasına gəlincə, bizim mövqeyimiz aydındır - bu, bizim işimiz deyil, bizdən asılı deyil. Vaxtilə Rusiya Gürcüstana, Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmişdi, əgər onlar bu sanksiyanı götürsələr, Gürcüstan vətəndaşları üçün yaxşı olacaq və bu, yalnız və yalnız bizim vətəndaşlarımız üçün xeyirli olacaq, onların gediş-gəlişinin asanlaşdıracaq. Bu, o vaxtlar birtərəfli qərar idi”, - İrakli Kobaxidze əlavə edib.

Tbilisi meri, "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze isə Gürcüstan vətəndaşları üçün Rusiyanın mümkün viza rejimini ləğv etməsini və Rusiya ilə birbaşa hava əlaqəsinin bərpa olunacağı təqdirdə bunu alqışlayacağını söyləyib. 

“Bilirsiniz ki, hər şey birtərəfli edildi, ölkəmizə və xalqımıza sanksiya tətbiq olundu, vizalar tətbiq olundu, birbaşa uçuşlar qadağan edildi. Əgər onlar bu qərarı verirlərsə, bu onların öz ixtiyarındadır və onlar bunu etməlidirlər. Bu qərar qəbul edilərsə, təbii ki, biz hətta birbaşa uçuşlar və hətta ölkə vətəndaşları üçün vizasız gediş-gəlişi də alqışlayacağıq”, - Kaxa Kaladze vurğulayıb.

Məlumat üçün bildirək ki, Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, Rusiya və Gürcüstan birbaşa uçuşları bərpa etmək, eləcə də vizaları ləğv etmək ərəfəsindədir.

ŞƏRH YAZ
12