Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Ramin İgidov vəzifəsindən gedəcəyini açıqlamasından sonra şeyx namizədləri məlum olub.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, dekabr ayında baş tutacaq şeyx seçkilərində Hacı Qurban Murquzov, Hacı Faiq Nəbiyev və Kərbəlayi Vidadi Qurbanov namizəddir.
Qapalı qapılar arxasında şeyxin kim olacağı müzakirəsi davam edərkən, artıq hər üç ilahiyyatçı namizədliyini GMİ-nin Ali Dini Şurasında elan etdiyi öyrənilib.
Əldə edilən məlumata əsasən, namizədlər arta da bilər, azala da bilər.
Aktual.ge xəbər portalının əməkdaşları hər üç şeyx namizədi ilə əlaqə saxlayıb.
"Bəli, dostların tələbi ilə namizədliyimi təqdim etmişəm, şuramız qərar verəcək kimin şeyx olub-olmayacağına. Mən bütün namizəd olan dəyərli, alim qardaşların hər birinə uğurlar arzulayıram" , - deyə Hacı Faiq söyləyib.
"Bəli, namizədliyimi təqim etmişəm, keçmiş şeyxə xidmətləri üçün təşəkkür edirəm, namizədlərə isə uğurlar arzulayıram. İnşAllah vətənimiz, dövlətimiz və xalqımız üçün xeyirlisi olsun", - deyə Hacı Qurban qeyd edib.
"Namizdəliyimi təqdim etmişəm. Xeyirlisi Allahdan, bütün qardaşlara uğurlar", - deyib Vidadi Qurbanov.
Bununla belə hər üç şeyx namizədi bildirib ki, GMİ-nin Ali Dini Şurası 21 nəfərdən ibarətdir, sözügedən 21 nəfər yeni şeyxi seçəcək və Şuradan olmayan birisi nə namizəd ola bilər, nə də şeyx. Onlar deyib ki, Ali Dini Şuraya daxil olacaq şəxsin qərarını məhz elə həmin Şura verir. Namizədlər üstəlik bildirib ki, yaxın günlərdə Ali Dini Şura yenidən toplanacaq və burada biz öz platformamızı təqdim edəcəyik.