Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxi Hacı Faiq Nəbiyev ilk müsahibəsini İranın Qum şəhərində fəaliyyət göstərən Ayətullah Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristaninin mediası Az.shafaqna.com-a verib.
Aktual.ge xəbər verir ki, o, müsahbəsində dini sahədə xarici ölkələrlə əməkdaşlıq edəcəyini bildirib.
Üçüncü şeyx müsahibəsində GMİ-nin şiə strukturunda daxili şöbələr qurmağı planladığını ifadə edib və üstəlik qeyd edib ki, belə olduğu təqdirdə daha yaxşı işlər görülə bilər.
"Sözün açığı biz daxili strukturda şöbələr yaratmağı düşünürük. Məncə şöbə şəkilində daha yaxşı işlər görülə bilər. Hər bir halda yaxın günlərdə bu mövzuda iclas keçirib qəti qərarlar verəcəyik" , - deyə o, qeyd edib.
Xarici mətbuat yeni şeyxdən fəaliyyəti çərçivəsində " [Gürcüstanda] Şeyx olduğunuz illər ərzində məscid və dini icmalarla hansı istiqamətdə iş aparmağı düşünürsünüz" sualını ünvanlayıb.
"Məscid və dini icmalarla bağlı təklif və qərarları birlikdə müzakirə edəcəyik. Daha çox ehtiyac olan yönə əhəmiyyət verib bu sahəyə diqqət ayırmağımızı düşünürəm. Axund və icmalarla daim əlaqə saxlayaraq onların təklif və problemlərini gücümüz çatan dərəcədə həll etməyə səy edəcəyik. Ali Şura üzvlərinin təcrübə və tövsiyələrindən də bu məsələdə bəhrələnəcəyik" , - cavab verib.