Tbilisidə “Qış xeyriyyə yarmarkası” keçirilib
09.12.2023 23:21
251
Siyasət
A
Tbilisidə “Qış xeyriyyə yarmarkası” keçirilib

 Tbilisidə ənənəvi “Qış xeyriyyə yarmarkası” keçirilib.

Aktual.ge xəbər verir ki, sərgi-satış  Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilib.

Yarmarkada 30-a yaxın ölkə və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak ediblər. Hər bir iştirakçı ölkə və təşkilat ayrıca guşə ilə təmsil olunub.

Azərbaycan Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, “Alyans” Gənclər Mərkəzi, Marneulidəki “Çay evi” milli suvenirlər, rəsm əsərləri, xalçalar, Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlər tərəfindən "Made in Azerbaijan” brendli çay, qida və qənnadı məmulatları təqdim olunub.

Güşeni ziyarət edənlərin bir çoxu xalça, araqçın papaq, corab və digər suvenirlər alıblar.

Yarmarka çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda qurulmuş çadırda isə qonaqlara "Muğam Çay Evi" hazırladığı samovar çayı, Azərbaycanın milli mətbəx nümunələri – plov, dolma, kabab, qutab, paxlava, şəkərbura, badambura, şorqoğalı və digər şirniyyat nümunələri təqdim edilib.

Yarmarkanı ziyarət edənlər Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Azərbaycanın rəngarəng, geniş və zəngin guşəsi yarmarkaya gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Xeyriyyə yarmarkasında satışdan əldə edilən vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.

ŞƏRH YAZ
3