
"Biz Gürcüstan parlamentinin Kremldən ilham alan “xarici təsir” qanunvericiliyi ilə irəliləmək qərarından dərin məyus olduq".
Aktual.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib.
Rəsmi Vaşinqton təmsilçisinin sözlərinə görə, ABŞ Gürcüstanı müvafiq qanunu qəbul etməməyə çağıran avropalı müttəfiqlərinə qoşulur. Amerikalı diplomat qeyd edib ki, əgər məqsəd şəffaflığı artırmaqdırsa, Kremldən ruhlanan qanunlar yersizdir.
“Gürcüstan parlamentinin Kremldən ilham alan “xarici təsir” qanunvericiliyini irəli sürmək qərarından dərin məyus olduq. Avropa İttifaqının bəyan etdiyi kimi, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına gedən yolunu təhlükə altına ata bilər. Biz avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstanı, Gürcüstan əhalisinin böyük əksəriyyətinin istəklərinə - Avropa İttifaqına tam inteqrasiya etmək istəyinə zidd olan qanunları qəbul etməməyə çağırırıq.
Gürcüstanda öz vətəndaşlarına xidmət edən və Gürcüstanın iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunarsa, ifadə azadlığını məhdudlaşdıra, bu faydaları Gürcüstan vətəndaşlarına gətirən təşkilatları ləkələyə və gürcülərin yüksək keyfiyyətli məlumat əldə etməsini təmin edən müstəqil media təşkilatlarına mane ola bilər. Məqsəd şəffaflığı artırmaqdırsa, Kremldən ilham alan bu cür qanunlar yersizdir. Biz bütün tərəfləri dinc toplaşmaq hüququna hörmət etməyə çağırırıq”, - Metyu Miller yazıb.
Qeyd edək ki, aprel ayının əvvəlində hakim "Gürcü Arzusu" partiyası tərəfindən irəli sürülən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı ABŞ Dövlət Departamenti bununla 9-cu bəyanatını verib.