
İsrail İranın "Əsl vəd" əməliyyatına 300-ə yaxın raket və PUA ilə cavab verib. İran Dövlət Televiziyası hava hücumundan müdafiə sistemlərinin işə salındığını və İsfahanı hədəf alan 3 pilotsuz təyyarənin havada məhv edildiyini açıqlayıb. İranda bütün uçuşlar dayandırıldığı halda, rəsmilər heç bir raket hücumu olmadığını bildirərək “İsfahandakı partlayışlara bizim hava hücumundan müdafiə sistemimiz səbəb olub” deyib.
Aktual.ge xəbər verir ki, İsrailin İrana hücumu xəbərini ilk dəfə Amerikanın "ABC News" kanalı ABŞ rəsmisinə əsaslanaraq yayıb, sonradan "CBS News" və "CNN" telekanalları bu barədə məlumat yayıb.
Adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan məlumatlara görə, İsrail İranın daxilində bəzi obyektləri raketlərlə vurub. Bəzi obyektlər təkcə İranda deyil, Suriya və İraqda da hədəfə alınıb.
Dünən ABŞ və İsrail arasında keçirilən Rəfah əməliyyatı görüşündə İsrail 24 və ya 48 saat ərzində İrana zərbə endirəcəyini ABŞ-a çatdırıb. "CNN"ə danışan ABŞ rəsmisi, Jo Bayden administrasiyasının İsrailin “İrana qarşı əks hücumu”na yaşıl işıq yandırmadığını və ABŞ-ın bölgədə hərtərəfli münaqişənin olmasını istəmədiyini vurğulayıb. Qeyd olunub ki, İsrail hücumdan əvvəl cümə axşamı “İrana qarşı məhdud əks-hücum keçirəcək” və ABŞ-ın bu hücumu dəstəkləmədiyini bildirib. ABŞ Dövlət Departamenti və Pentaqon sözügedən hücumu hələlik təsdiqləməyib.
Qeyd edək ki, aprelin 13-ü axşam İran İsrailə pilotsuz təyyarələr və raketlər ataraq, bunu “çoxsaylı cinayətlərə”, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə edilən hücuma cavab adlandırıb.