
"Gürcüstanda baxılan və ölkə prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan xarici agentlər haqqında qanun layihəsi bir çox başqa ölkələr, o cümlədən ABŞ, Fransa və Polşa ilə müqayisədə xeyli yumşaqdır".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Rusiya xarici işlər naziri Serqey Lavrov Gürcüstanda son baş verən proseslərə münasibət bildirib.
O, yerli mətbuata açıqlamasında "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini çox yumşaq qanun olaraq dəyərləndirib.
“İndi Gürcüstanda bütün bu nümayişlər Salome Zurabişvilini söz azadlığı uğrunda döyüşçüyə çevirib, baxmayaraq ki, qanun çox yumşaqdır. ABŞ-ın özündə, Fransada, Polşada, bir çox başqa ölkələrdə cərimələrlə bağlı qanunlar var. Əgər pul alsanız və bu haqda məlumat verməsəniz və bu pulla səhv bir iş görsəniz, cinayət məsuliyyəti daşıyırsınız”, - Lavrov bildirib.