İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həyatlarını itirməsi ilə əlaqədar Türkiyədə birgünlük matəm elan edilib.
Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“İran bizim sərhəd qonşumuzdur, İran xalqı isə bizim qardaşımızdır. Əsrlər boyu eyni coğrafiyanı paylaşırıq. Biz İranın Fələstin məsələsinə verdiyi güclü dəstəyi yüksək qiymətləndirdik. Biz İrana qarşı tətbiq edilən birtərəfli sanksiyalarda iştirak etməməklə qonşuluq qanunumuzu yerinə yetirmişik. Biz mərhum Rəisi Ankarada qonaq etdik və imzaladığımız 10 müqavilə ilə əlaqələrimizi daha da irəli apardıq. Helikopter qəzasından sonra biz İran hakimiyyəti ilə əlaqə saxladıq və axtarış-xilasetmə işlərinə töhfə vermək üçün bütün resurslarımızı səfərbər etdik. Nazirlər Kabinetinin iclasında İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə milli matəm günü elan etmək qərarına gəldik. İranlı qardaşlarımıza bir daha başsağlığı veririk”, - deyə Ərdoğan bildirib.