Gürcüstan bu xəbərlə çalxalanır: Qardabani qaynar nöqtəyə çevrilib
17.06.2024 00:32
1503
Siyasət
A
Gürcüstan bu xəbərlə çalxalanır: Qardabani qaynar nöqtəyə çevrilib

Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xarazişvili Kvemo Kartli qubernatorunun birinci müavini Giorgi Şinjikaşvili tərəfindən döyülüb.

Aktual.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Telekanalın iddialı məlumatına görə, qubernatorun müavini hadisədən sonra Türkiyəyə qaçıb.

"Hər şey masa arxasında fikir ayrılığı ilə başlayıb və qruplar arasında ən sərt qarşıdurmaya çevrilib. İş o yerə çatıb ki, Şinjikaşvilinin Qardabani bələdiyyəsinin Martğopidə kəndində yerləşən mənzilini yerli sakinlər mühafizəyə alıb, çünki onlarda məlumat olub ki, Zviad Xarazişvili dəstəsi kəndə gələcək" , - məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq prosesdə Marneuli və Hucab yepiskopu Giorgi Jamdeliani də iştirak edir və o, tərəfləri barışdırmağa çalışır.

"Hakimiyyətin hər iki nümayəndəsi arasında ilk qarşıdurma Tbilisidəki 'Mercure' otelin eyvanında keçirilən ad günü tədbirində baş verib. Tərəflərin nəyi bölüşə bilmədikləri məlum deyil, qeyri-rəsmi məlumatlardan birinə görə, iş külli miqdarda puldan gedir. Məlumata görə, heç kim Xarazişvili və Şinjikaşvilini sakitləşdirə bilməyib. Qəzəblənən Xarazişvili qubernator müavinini 'Milli Hərəkat'ın üzvü adlandırıb və onu öldürməklə hədələyib. Şifahi qarşıdurma tezliklə davaya çevrilib və bu zaman Xarazişvili bir neçə dəfə atəş açıb. Giorgi Şinjikaşvili Zviad Xarazişvili döydükdən bir neçə saat sonra ölkəni tərk edib. Qarşıdurmada iştirak edən onun mühafizəçisinin üzvləri də gizləniblər. Lakin bu, problemi həll etməyib. Təhqir olunan Zviad Xarazişvili xüsusi təyinatlılarla birlikdə Şinjikaşvilini axtarmağa başlayıb. Bundan sonra Giorgi Şinjikaşvilinin evi yaxınlığında səfərbərlik başlayıb.

Keçmiş cüdoçu olan Şinjikaşvilinin kənddə və rayonda böyük nüfuzu var və onu müdafiə etmək üçün evinin ətrafına çox sayda dəstəkçisi səfərbər olub. Səfərbərlikdən əvvəl Şinjikaşvili yerli əhalidən ailəsini qorumaq xahişi ilə müraciət edib. SMS gələndən sonra sosial şəbəkədə də dəstək statusları paylaşılmağa başlanılıb" , - telekanalın iddialı xəbərində qeyd olunub.

Bundan əlavə məlumatda deyilir ki, Kvemo-Kartli qubernatorunun evinə gedən yollar onun tərəfdarları tərəfindən bağlanıb. Şinjikaşvilinin ailəsini yerli sakinlər və DTX qoruyub.

Bununla belə iddia olunur ki, Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xarazişvili Kvemo Kartli qubernatorunun birinci müavini Giorgi Şinjikaşvilini axtarmaq üçün Kvemo Kartlidəki Sakrebulolara və Qubernatorun ofisinə basqın ediblər.

Məlumatlara görə, Kaxa Kaladze qarşı tərəfləri barışdırmağa çalışır. Həmin xəbərə görə, o, Şinjikaşvilidən ölkəyə qayıtmasını istəyib və təhlükəsizlik zəmanəti verib. Məlumatlara əsasən, Marneuli və Hucab yeparxiyası tərəflər arasında münaqişənin həlli prosesinə cəlb olunub. Bunu sosial şəbəkədə yayılan və yeparxiyanın qubernator müavini ilə həmrəy olduğunu bildirən foto da təsdiqləyir.

ŞƏRH YAZ
3