Marneuli İmamcüməsi ictimaiyyətə açıq məktub ünvanlayıb
09.07.2024 23:58
715
Siyasət
A
Marneuli İmamcüməsi ictimaiyyətə açıq məktub ünvanlayıb

Gürcüstan Hökumət Administrasiyası təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədi ilə Marneuli istisna olmaqla 43 bələdiyyəyə 104 milyon 877 min lari ayırıb. Marneuli İmamcüməsi Hacı Hacıyev bunu azərbaycanlılara qarşı hörmətsizlik kimi dəyərləndirib.

Aktual.ge xəbər verir ki, din xadimi bu məsələyə dair ictimaiyyətə açıq məktub ünvanlayıb.

Hökumətin Marneulidə 26 may tarixində baş vermiş təbii fəlakətlə bağlı yardım ayırmamasını, lakin digər bələdiyyələrə yardım ayırmasını Hacı Hacıyev ayrı-seçkilik olaraq qiymətləndirib.

Marneuli İmamcüməsinin məktubunu olduğu kimi təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim, mehriban və bağışlayan Allahın adı ilə hamımızın bildiyi kimi, bir neçə ay bundan əvvəl Gürcüstanın müxtəlif bölgələrində təbii fəlakət baş verdi, o cümlədən Borçalı və Marneuli də bu fəlakətin fəsadları ilə üzləşdi.

Lakin bu gün Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncam çox təəssüf doğurucudur. Biz bu davranışı Gürcüstan vətəndaşı olaraq, bir xalq kimi özümüzə təhqir kimi qəbul etdik. Çox təəssüf ki, Gürcüstanın Maliyyə Nazirliyindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müxtəlif bələdiyyələrə 104 milyon lari ayrılıb, ancaq ölkəmizin iqtisadi baxımdan önəmli olan Marneuli bələdiyyəsi siyahıda yoxdur. Bu, Kvemo Kartlidə yaşayan və Marneulidə çoxluq təşkil edən azərbaycanlı vətəndaşlara hökumət tərəfindən hörmətsizlik hesab olunur. Baxmayaraq ki, biz problemləri dəfələrlə dilə gətirmişik, bu heç bir nəticə verməyib.

Biz də bu ölkənin vətəndaşlarıyıq, hüquqlarımız bərpa olunmalıdır. Bu, ədalətsizlik və ayrı-seçkilikdir. Bu insanlara qarşı düzgün addım deyil.

Bu işin məsuliyyətini yerli rəhbərlik daşıyır. Bizi hökumətdə təmsil edənlər bu məsələni araşdırmalı və cəmiyyətə açıqlama verməlidirlər ki, nəyə görə Kvemo Kartlinin ən böyük bələdiyyəsi bu yardımdan məhrum olub.

ŞƏRH YAZ
1