10-17 iyul tarixlərində ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavini Gürcüstana səfər edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi veb-saytında məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Uzra Zeya Gürcüstanda demokratik idarəetmə, korrupsiya ilə mübarizə, mətbuat azadlığı, marginal və həssas qruplarla bağlı görüşlər keçirəcək. O, hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və media üzvləri ilə görüşəcək.
Qeyd olunub ki, səfər çərçivəsində Uzra Zeya "xarici təsir" qanunu, digər qeyri-liberal qanunvericilik və Gürcüstan hökumətinin zərərli ritorikası ilə bağlı ABŞ-ın ciddi narahatlığını vurğulayacaq.
"O, hökumətin qeyri-demokratik davranışı və ABŞ haqqında dezinformasiyanın bizim uzunmüddətli əlaqələrimizə zərər vurduğunu açıq şəkildə bildirəcək. Eyni zamanda, müavin ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini, gürcü xalqının Avroatlantik inteqrasiyaya sadiqliyini və Gürcüstanın 32 illik tərəfdaşlıq müddətində ABŞ-dan aldığı yardımı vurğulayacaq. O, həmçinin, azad və ədalətli seçkilərin və güclü vətəndaş cəmiyyətinin əhəmiyyətini təkrarlayacaq. O, həmçinin, Rusiyanın Gürcüstanın davamlı işğalı nəticəsində məcburi köçkün düşmüş qadınlar tərəfindən qurulan icma təşkilatları ilə görüşəcək" , - deyə Dövlət Departamentinin press-relizində bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, səfər çərçivəsində Uzra Zeya İrəvana da gedəcək.