
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri və Azərbaycan-ABŞ münasibətləri ilə bağlı sualları cavablandırıb.
Aktual.ge xəbər verir ki, Dövlət başçısı Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Amerikada vəziyyət bir o qədər birmənalı deyil. Bir ay əvvəl fərqli idi. Demokrat Partiyasının vəziyyəti fərqli idi. Beləliklə, Siz Azərbaycan Prezidenti olaraq yanvarın 20-də kimin adının səsləndirilməsini istərdiniz?" sualına cavabda bildirib ki, onun bu suala bəlkə də birmənalı cavab verməsi düzgün olmaz.
İlham Əliyev fikirlərini "maksimal dərəcədə səmimi" ifadə etməyə çalışıdığını, ancaq "siyasi mədəniyyət anlayışı"nı nəzərə alaraq suala birbaşa cavab verməyə imkan olmadığını vurğulayıb. Daha sonra isə o, üstünlük verdiyi tərəfin xüsusiyyətlərinə toxunub.
"Tamamilə əminəm ki, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda bu mövqedə olan yeganə şəxs mən deyiləm. Biz bu məsələyə öz nöqteyi-nəzərimzdən yanaşırıq" , - deyən Azərbaycan lideri eyni zamanda əlavə edib ki, "qərarı Amerika xalqı verəcək.
Azərbaycan Prezidenti Donald Trampın hakimiyyəti dönəmində müharibələrin məhdud olduğunu bildirib və onun təmsil etdiyi "ənənəvi dəyərlərə" müsbət yanaşdığını ifadə edib.
“Amerikada onun [Trampın] hakimiyyəti dövründə Koreya, Yuqoslaviya, Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriyada müharibələr olmayıb və bu siyahı davam edə bilər. Düşünürəm ki, buna çox böyük hörmətlə, rəğbətlə yanaşmağa dəyər. İkinci tezis, bu məsələyə çox dərin varmaq istəmirəm. Amma, digər ikinci tezis də çox əhəmiyyətlidir. Ələlxüsus ilk əvvəl ABŞ üçün və onların birbaşa təsiri altında olan ölkələr üçün mühüm olan tezis də ənənəvi dəyərlərə dair çox bariz mövqedir. Düşünürəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti bu mövqeni nəinki paylaşır, fəal şəkildə onu təcrübədə təbliğ edir" , - İlham Əliyev fikrini tamamlayıb.
Qeyd edək ki, ABŞ-da seçilmiş prezidentin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.