
İranın paytaxtı Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun öldürülmüş rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi keçirilir.
Aktual.ge Report-a istinadən xəbər verir ki, mərasimin təşkil olunduğu Tehran Universitetindən yayımı IRIB telekanalı həyata keçirir.
On minlərlə insanın qatıldığı mərasimdə “İsrailə və ABŞ-a ölüm” şüarları səsləndirilir. Mərasimdən sonra Haniyənin cənazəsi Qətərin paytaxtı Dohaya aparılacaq.
Mərasimdən əvvəl çıxış edən İran Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf iştirakçılara “Doğru vəd” əməliyyatını (aprelin 13-də İran raketləri və PUA-nın İsrail ərazisinə kütləvi hücumu) xatırladıb. O əmin edib ki, İranın vəzifəsi lazımi anda və lazımi yerdə reaksiya verməkdir.
Haniyənin ölümü ilə əlaqədar Tehranda genişmiqyaslı yürüşlər də gözlənilir. Bu səbəbdən İran paytaxtında yerli vaxtla saat 04:00-da nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.