"Mən bilmirəm hansı tranşdan, hansı yardımdan söhbət gedir - Gürcüstanın Avroatlantik yoldan çıxmadığını aydın şəkildə bəyan etmək istəyirəm."
Aktual.ge xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçərək jurnalistlərin suallarını cavablandıran Baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili belə deyib.
Jurnalistlərin ABŞ-ın Gürcüstan hökumətinə 95 milyon dollar yardımın dayandırılması ilə bağlı sualını cavablandıran nazir qeyd edib ki, ABŞ ilə Gürcüstanın sıx əməkdaşlığı var, olacaq və daha da dərinləşməlidir.
"Gürcüstan Avroatlantik yoldan çıxmayıb, bunu aydın şəkildə bəyan etmək istəyirəm, bu, çox açıqdır, buna görə də bizim üçün Qərblə yaxınlaşma və tərəfdaşlıq həmişə olduğu kimi aktual olaraq qalır. Bu səbəbdən biz, təbii ki, ABŞ ilə sıx əməkdaşlığa böyük əhəmiyyət veririk. Konkret olaraq bu yardımla bağlı bir şey deyə bilmərəm. Mən bilmirəm, söhbət nədən gedir. Yəqin ki, daha çox izahat veriləcək, konkret hansı tranşdan və ya hansı layihədən söhbət gedir. Mənim bu barədə məlumatım yoxdur, ona görə də bir şey deyə bilmərəm. Qalanı isə odur ki, biz ABŞ ilə sıx əməkdaşlıq edəcəyik, bu əməkdaşlıq var və daha da dərinləşməlidir, bu barədə mövqeyimizi bildiririk", - Levan Davitaşvili qeyd edib.
Məlumat üçün bildirək ki, 31 iyul tarixində ABŞ Dövlət katibi Antoni Blinken Gürcüstan hökumətinə ölkəsinin 95 milyon dollardan çox birbaşa yardımı dayandırdığını bəyan edib. ABŞ-ın baş diplomatı vurğulayıb ki, Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir.