Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları artıq vətəndədirlər.
Aktual.ge xəbər verir ki, müxtəlif ölkələrdən Bakı şəhərinə gedən iştirakçı gənclər Düşərgənin keçiriləcəyi Laçına yola düşməzdən əvvəl Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi yad olunub, düşərgə iştirakçıları adından əklil qoyulub, gül dəstələri düzülüb.
Düşərgə iştirakçıları həmçinin birinci və ikinci Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Ziyarətlərdən sonra iştirakçılar düşərgənin keçirildiyi Laçın şəhərinə yola düşüblər. Düşərgə ərazisində ilkin tanışlıq və iştirakçıların komandaları bölünməsi mərhələsi, eləcə də, Laçında “İslimi” Xalçaçılıq mərkəzi, “Gilabi Ceramics” mərkəzi və “Həkəri Balıq Təsərrüfatı”na səfərin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində Gürcüstanlı soydaşlarımız da iştirak edirlər:
1. Coşqun Əliyev - Tbilisi Dövlət Universitetində təhsil alır. Təhsillə yanaşı ictimai sektorda təşkil edilən tədbirlərdə iştirak edir. Marneulidəki Azərbaycan Evi ilə əməkdaşlıq edir.
2. Orxan Əliyev - Gürcüstanın Qardabi rayonunun Qaracalar kəndindəndir. Orta təhsilini azərbaycan bölməsi üzrə bitirib. Ali təhsilini isə gürcü dilində bitirib. İxtisasca hüquqşünasdır. Daxili İşlər Nazirliyində müstəntiq vəzifəsində işləyib.Hal-hazırda vəkil kimi hüquqşünaslıq fəaliyyətini davam etdirir.
3. Yavər Məmmədov - Laqodexi bələdiyyəsinin Qabal kəndində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”nin direktoru, kikboksinq üzrə dünya çempionu.
4. Lətif Kazımov - Saqareco rayonunun Yormuğanlı kənd məktəbində müəllim işləyir. “Parlaq Gələcək” Tədris Mərkəzinin təsis edilməsində iştirak edib.
5. Laşa İsabalayev - “Alyans” Gənclər Mərkəzində də təhsil alır. Anası Azərbaycanın Kəlbəcər rayonundandır.“Alyans” Gənclər Mərkəzinin təşkil etdiyi tədbirlərdə mütəmadi iştirak edir. Ötən il Azərbaycanda keçirilmiş rəsm müsabiqəsində iştirak edib.
Bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.
6. Emil Allahverdiyev - Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Marneulidəki Azərbaycan Evində təşkil etdiyi kurslarda şahmat müəllimi qismində çalışır. Tələbələri Gürcüstanda şahmat üzrə keçirilən dərəcə yarışlarında uğurlu nəticələr əldə ediblər. Eyni zamanda E. Allahverdiyev Azərbaycanın əlamətdar günləri ilə bağlı bir neçə dəfə şahmat turniri təşkil edib. Habelə ekoloji mövzuda aktivdir.