Türkiyədə instaqramdan sonra TikTok da bağlana bilər
08.08.2024 18:53
604
Maraqlı
A
Türkiyədə instaqramdan sonra TikTok da bağlana bilər

“TikTok-dan istifadə etmirəm. Məni küçədə görənlər deyir ki, TikTok-u bağlasan, cənnətin qapısını aralayacaqsan”.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri, AK Partiya Hatay millət vəkili Hüseyn Yayman deyib.

O bildirib ki, Hatay, Ankara, Adana, Mersin və İstanbulda qarşılaşdığı vətəndaşlar “TikTok”dan şikayət ediblər.

Yayman qeyd edib ki, AK Partiya hökuməti olaraq qadağalara və senzura tətbiqinə qətiyyən qarşıdırlar, lakin sosial media platformaları da öz öhdəliklərinə uyğun hərəkət etməlidir. O hesab edir ki, TikTok Türkiyənin ümumi əxlaq qaydalarına uyğun yayım siyasəti həyata keçirməlidir:

“TikTok məsələsi Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. İctimai sorğu keçirilsə, xalqın 90%-i TikTok-un bağlanmasını istəyəcək. Komissiya olaraq TikTok-un bağlanması və ya girişə qadağa qoyulması ilə bağlı mövqeyimiz yoxdur, amma komissiya sədri kimi məndən soruşsanız, siyasət millətlə birgə aparılır. Millətimiz TikTok-un bağlanmasını istəyir və TikTok mütləq silkələnib özünə gəlməlidir”.

Qeyd edək ki, ötən həftə Türkiyədə instaqrama giriş bloklanıb. Qərarın hansı səbəbdən verilməsi və nə qədər müddət davam edəcəyi açıqlanmayıb.

Qərarın HƏMAS lideri İsmayıl Haniyənin vəfatından sonra paylaşılan başsağlığı mesajlarının bu platforma tərəfindən silinməsi ilə bağlı olduğu bildirilir.

ŞƏRH YAZ
2