Rustavi Təhsil və Mədəniyyət Mərkəzi yeni kurslara başlayıb
10.09.2024 10:41
333
Mədəniyyət
A
Rustavi Təhsil və Mədəniyyət Mərkəzi yeni kurslara başlayıb

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yeni dərs ili başlayıb.

Aktual.ge xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi "Rustavi şəhərinin azərbaycanlı əhalisinə təhsil və mədəni xidmət göstərilməsi” layihəsi çərçivəsində təşkil edilmiş Azərbaycan dili, gürcü dili və ingilis dili kurslarının fəaliyyəti bu il də davam edəcək.

Keçən təhsil dönəmində dil kurslarında 180 nəfər iştirak edərək onlardan 118 nəfərə test imtahanının nəticəsinə görə sertifikatlar verilib. Bu tədris ilində kurslarda 228 nəfər təhsil alacaq. Əlamətdar haldır ki, Azərbaycan dilinin öyrənilməsinə maraq getdikcə artmaqdadır. Şəhər kitabxanasında Azərbaycan dilində kitab fondu olmadığı üçün gənclərimiz Mərkəzin nəzdində yaradılmış kitabxanadan da yararlana biləcəklər.

 Yeni yaranmış Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin səmərəli fəaliyyət göstərməsi üçün hər cür lazımi şərait yaradılmışdır. Mərkəzdə dil kursları ilə yanaşı müxtəlif mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

“Müasir dünyada xarici dil bilgisinə tələbat ildən-ilə artır. Dil bilgisi təkcə elmin qapısını asan açmaq, intellektual səviyyəni yüksəltmək, səyahətə çıxdığın başqa ölkədə sıx ünsiyyət yaratmaq üçün faydalı deyil. Çox dil bilən öz bilgisindən biznes məqsədilə yararlana, özünə karyera qura bilər. Bu səbəbdən xarici dilləri öyrədən kursların təkmil fəaliyyəti vacibdir” , - Rustavidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Raida Dərziyeva bildirib.

ŞƏRH YAZ
0