DİN-dən Marneulidəki insidentlə bağlı AÇIQLAMA
01.10.2024 17:52
1148
Kriminal
A
DİN-dən Marneulidəki insidentlə bağlı AÇIQLAMA

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində iş adamının mağazasına atılan əl qumbarası ilə bağlı insident üzrə istintaq başlanılıb.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 187 və 236-cı maddələri əsasında aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması barədə məlumat verilməyib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 187-ci maddəsi "Başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi", 236-cı maddəsi isə "Atıcı silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, istehsalı və ya satılması"nı nəzərdə tutur. 

Xatırladaq ki, 1 oktyabr gecə saatlarında Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində iş adamına məxsus tikinti materialları mağazasına əl qumbarası atılıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Əl qumbarasının partlayış səsi o qədər güclü olub ki, ətrafda da eşidilib. Hadisənin tam təfərrüatları məlum deyil. İddialara görə, işin arxasında kriminal aləm dayanır.

ŞƏRH YAZ
4