“Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı dünyasını dəyişib
17.10.2024 23:20
428
Mədəniyyət
A
“Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı dünyasını dəyişib

“Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib.

Aktual.ge məlumat verir ki, Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Ofisdə yanğının qaz partlaması nəticəsində baş verdiyi ehtimal olunur.

Ələddin Qarabağlı Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru işləyib. 2001-ci ildə “Maarif” qəzetini, azyaşlılar üçün isə “Tumurcuq” uşaq qəzetini təsis edib.

Fəaliyyəti boyu Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti ilə yaxından maraqlanan, Qeyri-hökumət təşkilatları ilə onlarla layihənin reallaşmasında fəallıq göstərən tanınmış ziyalı “Gürcüstanda Azərbaycandilli məktəblərin tarixi antologiyası” adlı əsərin də müəllifidir.

Ələddin Qarabağlı 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Dünyasını dəyişməsi ilə bağlı bir sıra yerli qurumlarla yanaşı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəhbərliyi də çoxşaxəli fəaliyyətilə yaddaşlarda iz qoyan Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

DİDK-dən bildirilib ki, komitə mərhumun ailəsinə lazım olan dəstəyi göstərəcək.

ŞƏRH YAZ
9