“Sabahkı seçkilər sakit və demokratik şəkildə keçməlidir” – Giorgi Qaxaria
“Sabah ölkəmizin gələcək demokratik inkişafı üçün ən vacib gündür. Birlikdə bütün dünyaya pandemiya dövründə azad, açıq, demokratik və şəffaf şəkildə necə seçki keçiriləcəyinə dair nümunə olmalıyıq”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər kəs başa düşməlidir ki, seçkilər şəffaf və dinc şəraitdə keçirilməlidir.
“Hər kəs başa düşməlidir ki, sabah seçkilərin sakit şəkildə keçməsini təmin etmək hökumətin, müxalifətin, siyasi partiyaların və eləcə də bütün cəmiyyətimizin borcudur. Seçkilər şəffaf, açıq və demokratik şəkildə keçirilməli və sonrakı dövr ən yüksək demokratik standartlara cavab verməlidir. Hər hansı bir təxribat və ya qanun pozuntusu, hansı siyasi qüvvə tərəfindən idarə olunmasından asılı olmayaraq, müvafiq hüquq-mühafizə sistemi tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Əlavə olaraq demək istərdim ki, artıq Daxili İşlər Nazirliyinə seçki məntəqələrində asayişin qorunması, habelə seçki günü və seçkilərdən sonra bütün ölkədə asayişin möhkəmləndirilməsi tapşırılıb. Bundan əlavə Xarici İşlər Nazirliyinin qərargahı qonaqlarımız və müşahidəçilərimizlə 24 saat təmasdadır və işlərində heç bir fasilə olmayacaq ",- deyə Qaxaria bildirib.
Gürcüstanın Baş naziri vətəndaşları seçkilərdə iştirak etməyə çağıraraq bu seçkilərin ölkənin yaxın illərdə demokratik inkişafını müəyyənləşdirməli olduğunu qeyd edib:
"Vətəndaşlarımızı seçkiyə çağırmaq istəyirəm. Sabah hamımız epidemioloji baxımdan yüksək standartların qorunacağı seçki məntəqələrinə getməliyik. Hər birimiz birlikdə azad seçimimizi etməliyik. Bu, gələcək illərdə ölkənin demokratik inkişafını təyin edəcək bir seçkidir. Pandemiya keçəcək, pandemiyanı məğlub edəcəyik, iqtisadi böhranı da həll edəcəyik amma sabah keçiriləcək seçkilər ölkəmizin bu illər ərzində daha da uğurlu inkişafını müəyyən edəcəkdir. Buna görə hər bir vətəndaşı öz seçimini etməyə çağırıram", - deyə Baş Nazir əlavə edib.