Marneuli Bələdiyyəsinin Yuxarı Saral kəndində "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə yeni yaradılan "Saral İnkişaf və Təhsil Mərkəzi"nin təqdimat mərasimi keçirilib.
Aktual.ge xəbər verir ki, tədbir kənd sakinləri və valideynlərin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan, əslən Yuxarı Saral kəndindən olan xeyriyyəçi və iş adamı Rəhim Hüseynov, gənclər üçün nəzərdə tutulan gələcək planlardan danışıb.
Daha sonra "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədov "Saral İnkişaf və Təhsil Mərkəzi"ndə həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat verib və gənclərin inkişafı üçün təmannasız dəstəyə görə Rəhim Hüseynova təşəkkür edib.
Tədbirdə Arzu Əliyeva və Aytəkin Allahverdiyeva layihənin təqdimatını edərək, layihə çərçivəsində keçiriləcək kurslar haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Təqdimatda "Saral İnkişaf və Təhsil Mərkəzi"ndə ingilis dili, gürcü dili, rəsm, şahmat, pianino, futbol və kompüter kurslarının ödənişsiz keçiriləcəyi və mərkəzdən 180-200 nəfər gəncin yararlana biləcəyi bildirilib.
Sonda kənd sakinləri və valideynlərin sualları cavablandırılıb.