Bu gün Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidində Cümə xütbəsində çıxış edən imamcümələrdən biri Hacı Əziz Nəbiyev Azərbaycanın Zəfər Bayramı, Qarabağın azad edilməsi ilə bağlı tək cümlə belə danışmayıb.
Aktual.ge-nin verdiyi xəbərə görə, o, xütbəsinin ilk hissəsini ənənəvi dini mövzulara həsr edib, ikinci hissədə isə Yaxın Şərqdə baş verən hadisələrə, xüsusilə də Qəzza mövzusuna diqqət yönəldib.
Qəzzada baş verən proseslərlə bağlı müsəlman ölkələrinin mövqeyinə işarə edən Əziz Nəbiyev, bu gün – 8 Noyabrda Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı zəfərdən söz açmayıb, şəhidlərin ruhuna dualar etməyib.
Əziz Nəbiyev cümə xütbəsini yekunlaşdırdıqdan sonra tribuna arxasına keçən Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidnin axundu Hacı Hacıyev, Qəzza xalqına dəstək məqsədilə yardım kampaniyasının başladıldığını elan edib. Daha sonra o, Azərbaycan xalqını Zəfər Bayramı və ərazilərin azad olunması münasibətilə təbrik edərək, şəhidlərə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Əziz Nəbiyev GMİ-nin şeyxi Faiq Nəbiyevin qardaşıdır.
Məlumat üçün bildirək ki, bu gün Azərbaycan Respublikasında 8 Noyabr – Zəfər Günüdür.