Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə 8 Noyabr Zəfər Günü ilə bağlı bayram tədbiri təşkil olunub.
Aktual.ge xəbər verir ki, tədbirdən öncə əslən Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr olunmuş rəsm sərgisi təşkil edilib.
İlk olaraq tədbirdə Azərbaycan və Gürcüstan dövlət himnləri səslənib. Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Gününün hər il qeyd olunması qərarı Azərbaycan xalqının tarixi qələbəsini əbədləşdirir və gənc nəsillərə vətənpərvərlik ruhu aşlayır. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, Vətən müharibəsi haqqında öz fikir və təəssüratlarını bölüşüb, 44 gün davam edən və zəfərlə bitən müharibənin nəticəsində, Azərbaycan xalqının işğaldan azad olunmnuş əbədi və əzəli torpaqlarına, qürur və sevinclə qayıdışını xüsusi vurğulayıblar.
Tədbirin sonunda mərkəzin müdavimləri vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirib.Zəfər gününə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları əslən Gürcüstandan olan Vətən müharibəsi şəhidlərinə həsr olunmuş rəsm sərgisinə baxış keçirib.