
Səhiyyə naziri Mixeil Sarjveladzenin sözlərinə görə, təcili tibbi yardıma qarşı səbəbsiz aqressiyanın nümayişi xoş bir hadisə deyil.
Aktual.ge xəbər verir ki, o, jurnalistlərə müsahibəsində Marneuli-Bolnisi yolunda baş verən yol-nəqliyyat hadisəsinə belə münasibət bildirib.
Nazir yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan yeniyetmələrin ailələrinə başsağlığı verib və qeyd edib ki, təcili tibbi yardıma qarşı belə davranışlar nə təşviq edilməli, nə də alqışlanmalıdır.
“Dərin hüznlə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu, ağır və faciəli bir hadisədir, hansı ki, adekvat reaksiyanı tələb edir. Bu, uyğun istintaqın aparılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Təbii ki, bu, həlak olanların ailələri üçün təsəlli ola bilməz, lakin zəruri bir addımdır. Hadisə çox ağırdır. Buna baxmayaraq, bu mövzuda çox danışmaq istəmirəm.
Demək istəyirəm ki, həkimlərin, xüsusən də təcili tibbi yardım maşını həkimlərinin xidmətləri ölkəmiz və cəmiyyətimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Onlar öz peşə borclarını yerinə yetirərək, əməkləri və xidmətləri ilə hər hansı digər peşədən geri qalmırlar – nə hərbçilərdən, nə də polis əməkdaşlarından. Onlar hər gün qəhrəmanlıq göstərən insanlardır və onların hörmət edilməsi cəmiyyətimiz üçün vacibdir. Səbəbsiz aqressiyanın insanlara və ya ümumiyyətlə, təcili tibbi yardıma qarşı nümayiş etdirilməsi qəbulolunmazdır. İnsanların ağır faciəvi hadisələrdən doğan emosiyalarını anlayıram, lakin belə davranışların təşviq edilməsi və ya alqışlanması düzgün olmaz. Daha sonra, həlak olanlardan birinin ailə üzvünə təcili tibbi yardım lazım olduqda, tibbi yardım əməkdaşları yenə də hadisə yerinə gələrək bütün ehtiyacı olanlara dərhal tibbi yardım göstərmişdir. Bu, hadisədən bir neçə saat sonra baş verib" , - deyə Mixeil Sarjveladze qeyd edib.
Nə baş verib?
30 dekabr axşam saatlarında Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində iki yeniyetmənin həlak olması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, axşam saatlarında Marneuli-Bolnisi istiqamətində sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçməyə çalışan iki piyada yeniyetməni vuraraq öldürüb.
Sərxoş sürücü daha sonra hadisə yerindən qaçmağa cəhd etsə də, buna yerindəcə nail ola bilməyib. Hadisə yerinə çox sayda yerli sakin toplanıb və onun qaçmasına icazə verməyib. İddialara görə, sürücü yerli sakinlərin üzərinə bıçaq çıxarıb və onları hədələyib. İddialara əsasən, Bolnisidən Marneuli istiqamətində hərəkətdə olan bir neçə avtomobilin sürücüsü sərxoş sürücünü müdafiə etməyə çalışıb. Bu zaman yerlilər ilə onu müdafiə etməyə çalışanlar arasında fiziki qarşıdurma baş verib.
Sərxoş sürücü təcili yardım maşınına sığınıb, həmin maşını isə yerlilər aşırıblar. Bu vaxt sürücü hadisə yerindən qaçmağa nail olub. Daha sonra hadisə yerinə çox sayda polis qüvvəsi, o cümlədən Xüsusi Təyinatlılar gözyaşardıcı qaz və bir sıra vasitələrlə cəlb olunub.
30-31 dekabr tarixlərində DİN-in yaydığı məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bundan əlavə, qəzanı törədən sürücünün saxlanıldığı bildirilib.