
Avropa İttifaqı (Aİ) ilə mövcud münasibətlər arzuolunan səviyyədə deyil, amma şərtlər dəyişə və yeni imkanlar açıla bilər.
Aktual.ge xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı ilə münasibətlərin hazırkı vəziyyətindən danışarkən deyib.
“Ənənəvi tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımız Gürcüstanın daxili işlərinə müdaxilə və təzyiq baxımından bir nömrəli tənqidçiyə çevriliblər. Burada avropalı tərəfdaşlarımızı nəzərdə tuturam. Onların belə davranışlarının səbəbləri ayrıca müzakirə mövzusudur. Mən bunu regionumuzda, daha geniş mənada isə Avropada artan təhlükəsizlik problemləri ilə əlaqələndirirəm. Aydındır ki, müəyyən qorxular var və məhz bu qorxular Gürcüstanla bağlı bəzi tərəfdaş ölkələrin sərt reaksiyalarına səbəb olur.
Biz həmişə deyirik ki, əməkdaşlıq münasibətlərin normal şəkildə inkişaf etdiyi formatda davam etməlidir. Əgər hər hansı məsələ varsa, bu, uyğun formalarda ifadə olunmalıdır. Lakin bəzən elə açıqlamalar verilir ki, onlar olduqca təhqiramiz olur. Belə olan halda masa arxasında ciddi müzakirələr aparmaq çətinləşir, amma biz bunu etməyə davam edirik”,- deyə o qeyd edib.