
Son 5 ildə Gürcüstanın ümumi əhalisində pensiyaçıların sayı 10,2% artıb. 2024-cü ilin dekabrına olan məlumata görə, əhalinin 23%-dən çoxu pensiya yaşında olan vətəndaşlardır.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstanda 3,69 milyondan çox insan yaşayır, onlardan 864 mindən çoxu pensiyaçılardır. Pensiyaçıların ümumi sayının artması açıq-aydın əhalinin qocalması deməkdir.
“Bütün dünyada əhalinin qocalması prosesi gedir, bu prosesə Gürcüstan da daxildir. 21-ci əsrin ən böyük problemlərindən biri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin qocalmasıdır. Pensiya yaşına çatmış vətəndaşların sayının əhalinin faiz nisbətində artması doğum səviyyəsinin azalması və orta ömür uzunluğunun artması ilə əlaqədardır.
Əgər ümumi doğum əmsalı 2,1-ə bərabərdirsə, bu o deməkdir ki, əhali nə artacaq, nə də azalacaq. Bütün Avropa ölkələrinin indeksi bu işarədən aşağıdır. Bizdə, məndə olan son məlumat 1.9-a qədərdir. Bunu isə yaxşı vəziyyət kimi hesab etmək olmaz, əhalinin sayını yüksəltmək üçün həvəsləndirmək lazımdır.
Bizim orta ömür müddətimiz Qərb ölkələrindəki kimi yüksək deyil, Gürcüstanda doğum səviyyəsi aşağıdır, pensiya yaşına çatmış vətəndaşların sayı artır. Bu, mühacirətin yüksək nisbəti ilə müşayiət olunur. Mühacirətə gedənlərin yaşı təxminən 20-50 yaş arasında dəyişir, təəssüf ki, onlar mühacirətdə qalır və bu yaşda olan vətəndaşların sayı azalır, yaşlıların sayı isə artır.
Pensiya yaşında olan vətəndaşların sayının artması dövlətin maliyyə sisteminə böyük yük yaradır - pensiyalar daha çox verilir, səhiyyənin yükü artır, çünki yaşlı insanların müəyyən güzəştlərə ehtiyacı var. Dövlət gənclərə maksimum şərait yaratmalı, doğum səviyyəsinin artmasına şərait yaratmalıdır. Şərti olaraq, 3-cü və 4-cü uşağa aşağı kreditlə mənzil verilə bilər, 5-ci uşağa tam pulsuz və s. Ən əsası isə vətəndaşların məşğulluğunun təşviq edilməsidir, çünki ailə dövlətdən və başqalarının müavinətindən asılı olmamalıdır, ailə özünü dolandırmalıdır. Bütün bunlar çətindir, amma istəsək, vəziyyət ən azı minimal dərəcədə yaxşılaşacaq",- deyə Demoqraf Giorgi Meladze bildirib.