
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Aktual.ge xəbər verir ki, imzalanma mərasimi kameralar qarşısında baş tutub.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
ABŞ-ın baş diplomatı deyib: "Biz daha da güclü tərəfdaşlara çevrilirik. Əminəm ki, bu, həm ölkələrimizə, həm də bütün regiona və ondan kənara fayda verəcəkdir. İnanıram ki, imzaladığımız bu Strateji Tərəfdaşlıq Xartiyası daha davamlı, dinc, təhlükəsiz və müstəqil cəmiyyətin yaradılmasına töhfə verəcək".
“Xüsusi qeyd edim ki, Ermənistan hökuməti daha da ədalətli cəmiyyət yaratmaq üçün real öhdəliyi açıq şəkildə nümayiş etdirən islahatlar həyata keçirib" , - Blinken söyləyib.
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin 30 noyabr tarixində dayandırıb. ABŞ Dövlət Departamentinin 30 noyabr tarixində verdiyi bəyanatda qeyd olunmuşdu:
" 'Gürcü Arzusu'nun müxtəlif anti-demokratik hərəkətləri demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları, fundamental azadlıqlar və korrupsiya ilə mübarizə üzrə birgə öhdəliklərə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsaslarını pozub. Nəticədə, ABŞ bu mexanizmi dayandırıb".