
Kvemo Kartli Polis Departamentinin əməkdaşları narkotik cinayəti ilə bağlı 3 nəfəri saxlayıb, onlardan 2-si narkotik satıcısıdır.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, törədilən cinayətlər 17 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetritskaro Rayon Şöbəsinin əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1982-ci il təvəllüdlü V.A., 1968-ci il təvəllüdlü İ.G. və 1990-cı il təvəllüdlü S.Ş.-ni narkotik cinayətlə əlaqədar saxlayıblar.
V.A. və İ.G. narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satılması ittihamı ilə saxlanılıblar. S.Ş.-yə isə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.
İstintaq müəyyən edib ki, V.A. və İ.G. narkotik maddələri vətəndaşlara satırdılar. Hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında bir neçə dəfə narkotiklərin onlardan nəzarətli satınalmasını həyata keçirib və bu proseslər gizli audio-video çəkilişlə qeydə alınıb.
Polis Kvemo Poniçalada (Soğanlıq) saxlanılan narkotik satıcılarının yaşayış evləri və yardımçı binalarında axtarış aparıb və sübut kimi satış üçün qablaşdırılmış "heroin", "marixuana", psixotrop maddə "pregabalin" və ehtimal ki, narkotik satışından əldə olunan pul vəsaitini aşkar edərək götürüb.
S.Ş.-nin şəxsi axtarışı zamanı isə ondan narkotik vasitə "metadon" aşkarlanaraq götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 5-ci hissələri, 261-ci maddənin 3-cü və 6-cı hissələri, həmçinin 273-cü prim maddəsinin 5-ci hissəsi ilə davam etdirilir", – məlumatda qeyd olunub.