
Gürcüstanın uğur qazanmış azərbaycanlı gəncliyi haqqında çəkilmiş "Novella" bədii-sənədli filmi Qardabani şəhərində tamaşaçılara təqdim olunub.
Aktual.ge xəbər verir ki, 23 mart tarixində Qardabani Mədəniyyət Evində "Aktual Media" tərəfindən ərsəyə gətirilən "Novella" filminin qala gecəsi baş tutub. Tədbirin təşkilinə Qardabani Təhsil və İnteqrasiya Mərkəzi təşkilati dəstək göstərib.
Anşlaqla baş tutan Qala gecəsinə Parlamentin üzvü Savalan Mirzəyev, Qardabani Meriyasının rəhbərliyi, Qardabani Bələdiyyə Məclisinin nümayəndələri, məktəb direktorları, QHT rəhbərləri, ictimai fəallar, jurnalistlər, yerli sakinlər və gənclər qatılıb.
Tədbirin aparıcısı Həlidə Qəribovanın təqdimatında çıxış edən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova, "Novella" filminin Marneulidən sonra Qardabanidə nümayişinin əhəmiyyətini vurğulayıb.
Daha sonra "Aktual Media"nın təsisçisi, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək bildirib ki, "Novella" filmi sadəcə bir ekran əsəri deyil, Gürcüstan azərbaycanlı gənclərinin uğurlarını əks etdirən mühüm bir layihədir. O, Gürcüstanda azərbaycanlılara qarşı bəzi radikal qrupların formalaşdırdığı stereotiplərə qarşı çıxdıqlarını, yeni nəslin isə fəaliyyətləri ilə bu yanlış yanaşmaları təkzib etdiyini qeyd edib.
Bu gün bizə əziz və doğma olan Qardabani şəhərindəyik. 'Novella' filminin Marneulidən sonra Qardabanidə də tamaşaçılara təqdim olunmasından böyük məmnunluq duyuruq. 'Novella' filmi sübut edir ki, Gürcüstan azərbaycanlıları hər zaman olduğu kimi, bu gün də Gürcüstanın dövlətçiliyi uğrunda çalışırlar. Filmdəki altı qəhrəman cəmi bir gün ərzində öz peşələri və fəaliyyətləri ilə onlarla insana xidmət göstərir. Və belə gənclərin kəşf edilməsi yönündə biz çalışırıq. Biz artıq 'Novella 2' üzərində işə başlamışıq. Lakin o vaxta qədər 'Novella' filminin turu davam edəcək və ilk turumuza məhz Qardabani şəhərindən start verdik. Bu filmin ərsəyə gəlməsində dəstək göstərən iş adamlarımıza, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Gürcüstandaki Səfirliyinə, şəxsən cənab səfir Faiq Quliyevə təşəkkür edirəm. Bundan əlavə, Qardabanidə filmin təqdim olunması üçün təşkilati dəstək göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinə, Qardabani rəhbərliyinə, millət vəkili Savalan Mirzəyevə təşəkkürümü bildirirəm" , - deyib İlkin Hüseynov.
O, çıxışının sonunda Qardabanidə filmin nümayişinə təşkilati dəstək göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyevə və direktor Çiçək Hüseynovaya təşəkkürnamə plaketi təqdim edib.
Filmin ssenari müəllifi Elnur Vəlizadə də çıxış edərək filmin məzmunu və pərdəarxası məqamları barədə danışıb.
Qeyd edək ki, "Novella" bədii-sənədli filmi Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin çıxışı ilə başlayır. O, azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında oynadığı rolu yüksək qiymətləndirib. Film, öz sahələrində böyük uğurlar qazanan altı gənc qəhrəmanın - hüquqşünas və vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu və beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs edir.
Xatırladaq ki, filmin ilk qala gecəsi 28 fevral tarixində Marneuli şəhərində baş tutmuşdu.
Məlumat üçün bildirək ki, "Aktual Media" tərəfindən ərsəyə gətirilən "Novella" bədii-sənədli filminə iş adamları dəstək verib. Filmin Baş sponsoru "Georgian Wings" Hava Yolları Şirkəti, filmin rəsmi dəstəkçiləri isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyidir.
Foto: Telman Süleymanov / Zabit Mahmudov