
"Avropa İttifaqı yeni seçkilərin keçirilməsinə daha çox dəstək göstərməlidir".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Litva parlamentində çıxışı zamanı deyib.
"De-fakto tanımama siyasətindən kənar, Avropa İttifaqı bu günkü qarşıdurmadan və etiraz aksiyalarından yeganə sabit və dinc çıxış yoluna – yeni seçkilərə daha çox dəstək verməlidir. Bu seçkilər azad və ədalətli mühitdə keçirilməlidir. Bunun alternativi yoxdur. Əgər biz birlikdə bu alternativi tapa bilməsək, o zaman bu, Gürcüstanın tamamilə Rusiya modelinə keçəcəyini göstərər ki, bu da Avropa siyasətinin uğursuzluğu deməkdir, yaxud uzunmüddətli böhranların sonunda baş verən qeyri-sabitlik riski yaranacaq. Avropanın və Qara dəniz regionunun kənarında yeni bir böhran ocağının yaranmasını heç kim istəmir, xüsusilə də bunun hələ də qarşısını almaq mümkündür", - deyə Salome Zurabişvili qeyd edib.
Onun sözlərinə görə, söhbət təkcə Gürcüstanın müdafiəsindən getmir, bu, həm də Avropanın strateji gələcəyi və öz kimliyinin qorunması məsələsidir.
"Əgər Avropa, gücünü və öz müstəqilliyinin vacibliyini yenidən kəşf etmə prosesində olduğu halda, əhalisinin böyük əksəriyyəti avropapərəst olan kiçik bir ölkəyə təsir etmək və onu seçdiyi yola qaytarmaq üçün yollar tapa bilmirsə, əgər Avropa öz qərar qəbuletmə prosesini elə idarə edə bilmirsə ki, bir neçə nəfərin təsiri ilə bu proses iflic olmasın, o zaman problem yalnız Gürcüstanla məhdudlaşmır və Avropa İttifaqının iqtisadi, siyasi və hərbi güc qazanmasına təsir edəcək", - deyə Gürcüstanın beşinci prezidenti vurğulayıb.