
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) məsul əməkdaşı Hacı Anar Nurməmmədov martın 18, 19, 20, 21 və 24-də Qldani, Ksani və Rustavi məntəqələrində yerləşən cəzaçəkmə müəssisələrinə baş çəkib.
Aktual.ge xəbər verir ki, o, ziyarətlərin Novruz Bayramı münasibətilə təşkil edildiyini bildirərək, görüşlər zamanı müsəlman məhkumların vəziyyəti yaxından öyrənilib, onların təhsil, mənəvi dəstək və digər ehtiyaclarına xüsusi diqqət yetirildiyini qeyd edib.
Onun sözlərinə görə, bu görüşlərin məqsədi yalnız formal xarakter daşımır: "Əsas məqsəd məhkumların mənəvi durumunu yaxşılaşdırmaq, onlara dinin və insanlığın əsas prinsiplərini aşılamaqdır. Eyni zamanda, məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, onların mənəvi vəziyyətinə diqqət yetirmək və gələcəkdə daha yaxşı həyat qurmaq imkanlarını artırmaq da prioritetimizdir".
Hacı Anar Nurməmmədov qeyd edib ki, Novruz Bayramı ilə yanaşı, Ramazan Bayramı ilə əlaqədar da məhkumlara xüsusi diqqət qayğı göstəriləcək.
"Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dövlətimizin bizə göstərdiyi xüsusi diqqət çərçivəsində martın 30, 31 və aprelin 1, 2-də məhkumlara ərzaq yardımı ediləcək. Hər il olduğu kimi, bu il də Novruz Bayramı, Ramazan, Məhrəmlik və Qurban bayramı kimi mühüm dini günlərdə məhkumlara ərzaq yardımı təqdim ediləcək. İdarəmizdən əlavə məhlumların ailələri üçün də şərait yaradacağıq ki, onlar birbaşa ərzaqlarını məhkumlara təqdim edə bilsinlər" , - söyləyib Hacı Anar Nurməmmədov.
O, qarşıdan gələn Ramazan Bayramı münasibətilə müsəlman məhkumlara ailələri tərəfindən təqdim edilə biləcək ərzaq məhsullarının siyahısını da açıqlayıb:
• Xaşlanmış ət – 3 kq
• Plov – 2 kq
• Pendir – 2 kq
• Tort (kremsiz, şokoladsız)
• Qızardılmış və ya bozardılmış cücə
• Xiyar-pomidor – 3 kq
• Meyvə – 5 kq