
Prokurorluq, “Vahid Milli Hərəkat” hakimiyyətinin fəaliyyətini araşdıran parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə müxalif “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze barəsində Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə istintaqa başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluqdan yerli mətbuata məlumat verilib.
Bildirilib ki, prokurorluq istintaqa komissiyanın müraciəti əsasında start verib.
Xatırladaq ki, martın 25-də keçirilən komissiya iclasında biznesə təzyiqlə bağlı işlərdən biri – “Magnat” MMC işi müzakirə olunub. İş adamı Jemal Leonidze yanacaqdoldurma məntəqələri şəbəkəsi “Magnat”ın sahibi olub. Leonidze keçmiş hakimiyyətin yüksəkvəzifəli şəxsləri ilə birlikdə Mamuka Xazaradzeni əmlakın əlindən alınmasında ittiham edib.
İclasda “Güclü Gürcüstan” liderləri Mamuka Xazaradze və Badri Japaridze çağırılmışdılar. Mamuka Xazaradze sosial şəbəkədə yazaraq parlamentin istintaq komissiyasına getmək və “bu sirkin bir hissəsi olmaq” niyyətində olmadığını qeyd etmişdi. İclasda Badri Japaridze də iştirak etməyib. Komissiya martın 26-da qərar qəbul edərək onun işini də Prokurorluğa göndərib.
Qeyd edək ki, Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etməmək cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə, həmçinin üç ilədək vəzifə tutmaq və ya fəaliyyət göstərmək hüququndan məhrumetmə ilə cəzalandırılır.
Mənbə: İPN