
Novruz bayramı tədbirində Laqodexi Bələdiyyəsinin Qabal kəndində yerli sakinlərlə polis arasında baş verən insidentlə bağlı Aktual.ge yeni məlumatlar əldə edib.
Aktual.ge xəbər portalına açıqlama verən, adının açıqlanmasını istəməyən Qabal kənd sakininin sözlərinə görə, yayılan videogörüntülər bu günə aid deyil, 20 mart tarixində qeydə alınıb.
“Həmin hadisə bu gün baş verməyib, 20 martda, Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı yaşanıb. İnsidentə səbəb konsertdən sonra bir gəncin avtomobillə drift etməsi olub. Polis gənc sürücüyə xəbərdarlıq edərək əraziyə avtomobillə daxil olmamasını tapşırıb. Lakin sürücü bu göstərişə məhəl qoymayaraq əraziyə daxil olub və drift etməyə başlayıb.
Buna görə də polis həmin şəxsi cərimələyib. Lakin o, cərimə sənədinə imza atmaqdan imtina edərək hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu zaman polis onu saxlamaq üçün müdaxilə edib və fiziki güc tətbiq olunub. Tədbirə toplaşan sakinlər isə bunu görərək hadisə yerinə gəlib və polisə müqavimət göstəriblər. Nəticədə, polis və tədbir iştirakçıları arasında qarşıdurma yaşanıb. Sürücü hadisə yerində saxlanılıb, lakin sonradan sərbəst buraxıldığı məlum olub”, – deyə kənd sakini bildirib.