
Marneulidə “İnkişaf və Təhsil Mərkəzi” ilə “Yunus Emre İnstitutu”nun birgə təşkilatçılığı və "Oxçuluq Vakfı"nın dəstəyi ilə “Kəmankeş” layihəsi çərçivəsində “Geleneksel Türk Oxçuluğu” kursu fəaliyyətə başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı “İnkişaf və Təhsil Mərkəzi” yayıb.
Bildirilib ki, kursun açılış mərasimində 19 nəfər kurs iştirakçısı və oxçuluğa maraq göstərən gənclər iştirak ediblər. Tədbirdə “Yunus Emre İnstitutu”nun Tbilisi ofisinin koordinatoru Zəkəriyə Gültəkin və “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb, oxçuluğun tarixi və əhəmiyyətindən danışıblar.
Təlimçi Aytəkin Allahverdiyeva ilk dərsdə iştirakçılara əsas nəzəri bilikləri təqdim edib və kursun gələcək planları haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, oxçuluğa marağı olan, 13 yaşdan yuxarı gənclər 30 aprel 2025-ci il tarixinədək kursa müraciət edə bilərlər. Məşqlər həftəsonları – şənbə və bazar günləri keçiriləcək.