
Zuqdidi Rayon Məhkəməsi təqsirləndirilən şəxsləri 18 il azadlıqdan məhrum edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Gürcüstan Prokurorluğunun yaydığı məlumata əsasən, məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə qəbul edib və təqsirləndirilən şəxsləri bir qrup şəxs tərəfindən ağırlaşdırıcı hallarda adam öldürməyə cəhddə təqsirli bilib.
İstintaq zamanı müəyyən edilib ki, 2024-cü il avqustun 5-də təqsirləndirilən şəxslərdən biri zərərçəkmişlə şifahi mübahisə zəminində ona fiziki zor tətbiq edib. Daha sonra ikinci təqsirləndirilən şəxslə birlikdə zərərçəkmişə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə zərərçəkmiş ağır, həyati təhlükə yaradan bədən xəsarətləri alıb.
Müttəhimlərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin "i" bəndi (ağırlaşdırıcı hallarda – bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd), bir nəfərə qarşı isə əlavə olaraq 126-cı maddənin 1-ci hissəsi (zorakılıq) ilə ittiham irəli sürülüb.
Zuqdidi Rayon Məhkəməsi təqsirləndirilən şəxslərin hər birini irəli sürülmüş ittihamlar üzrə tam təqsirli bilərək, onları 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.