Gürcüstan əhalisinin sayı açıqlandı
25.04.2025 11:43
714
Maraqlı
A
Gürcüstan əhalisinin sayı açıqlandı

2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə Gürcüstanın əhalisinin sayı 3 milyon 704 min 500 nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 min 900 nəfər çoxdur.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Məlumata əsasən, 2024-cü ildə mənfi təbii artım (-4 488) və müsbət miqrasiya saldosu (14 min 386) qeydə alınıb.

2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Gürcüstan əhalisinin 61.5%-i şəhər yaşayış məntəqələrində yaşayır. Bununla yanaşı, Tbilisi sakinləri ümumi əhalinin üçdə birindən çoxunu təşkil edir.

"2025-ci il yanvarın 1-nə olan məlumata görə, 0-14 yaş arası əhali ümumi əhalinin 19.2%-ni, əmək qabiliyyətli yaşda olan əhali (15-64 yaş qrupu) 64.2%-ni, 65 yaş və daha yuxarı olanlar isə 16.6%-ni təşkil edir. Həmin tarixə kişilərin sayı 1 milyon 774.5 min nəfər, qadınların sayı isə 1 milyon 920.1 min nəfər olub. Beləliklə, əhalinin 48%-i kişi, 52%-i isə qadındır. Cinslər üzrə nisbət 93 təşkil edir, bu isə hər 100 qadına 93 kişinin düşdüyünü göstərir.

Qeyd edək ki, 40 yaşına qədər kişilərin sayı qadınların sayından çoxdur, lakin 40 yaşdan sonra əks mənzərə müşahidə olunur ki, bu da qadınların kişilərlə müqayisədə daha yüksək gözlənilən ömür uzunluğu ilə izah olunur. 2024-cü illə müqayisədə gözlənilən ömür uzunluğu demək olar ki, dəyişməyərək 74.9 il olub – kişilər üçün 70.5 il, qadınlar üçün isə 79.3 il. 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Gürcüstan əhalisinin median yaşı 39 ildir.

2024-cü ildə emigrantların sayı 121 min 425 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 50.5% azdır, immiqrantların sayı isə 34.0% azalıb və 135 min 811 nəfər təşkil edib. Həmin dövrdə immiqrantların 85.6%-i, emigrantların isə 85.8%-i əmək qabiliyyətli yaşda olan əhalidir (15-64 yaş arası).

2024-cü ildə immiqrantların 48.2%-ni, emigrantların isə 53.2%-ni Gürcüstan vətəndaşları təşkil edib" , - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
1