
Hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili partiyanı tərk edir və iqtidardan ayrılır.
Aktual.ge xəbər verir ki, o, bu barədə partiyanın mərkəzi qərargahında keçirdiyi brifinqdə bildirib.
Kameralar qarşısında istefa verdiyini açıqlayan İrakli Qaribaşvili deyib:
“Bu gün sizinlə siyasətdən getmək qərarımı paylaşmaq istəyirəm. Son bir neçə həftə ərzində mənim gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar səngimək bilmir. Bu səbəbdən də, cəmiyyət qarşısında mövcud suallara ətraflı cavab verməyi özümə borc bilirəm. Bu günə qədər siyasi fəaliyyətimdə atdığım hər bir addım konkret məqsədə əsaslanırdı – ölkəmizə və xalqımıza xidmət etmək və dövlətimizi gücləndirmək. Buna görə də, bu ölkənin vətənpərvərlərindən biri kimi əsas motivasiyam həmişə vətən sevgisi olub. Və buradan irəli gələrək, ölkəmizin möhkəmlənməsi üçün mən də bir kərpic qoymaq arzusu ilə səmimi və güclü istək hiss etmişəm” .
Qeyd edək ki, İrakli Qaribaşvili 2012-2013-cü illərdə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb, 2013-cü il noyabrın 20-də isə ilk dəfə Gürcüstanın Baş naziri təyin olunub. Bu vəzifəni 2015-ci il dekabrın 30-dək icra edib. Eyni zamanda, 2013-2015-ci illərdə "Gürcü Arzusu" siyasi partiyasının sədri olub. O, həmçinin 2019-cu il sentyabrın 8-dən 2021-ci il fevralın 22-dək Gürcüstanın müdafiə naziri vəzifəsində çalışıb. Baş nazir vəzifəsinə ikinci dəfə 2021-ci il fevralın 22-də təyin olunub və bu vəzifəni 2024-cü il yanvarın 29-dək icra edib. Elə həmin il, fevralın 1-də isə İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasının sədri seçilib.