
Narkotik cinayəti ilə bağlı 2 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata əsasən, yaşayış evlərinə və avtomobilə baxış zamanı “kokain”, “metadon”, “suboteks”, “tramadol”, “lirika” və “ekstazi” götürülüb.
Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətə görə 2 nəfəri saxlayıblar.
Xüsusilə böyük miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və satmağa cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş şəxslər – 1992-ci il təvəllüdlü G.G. və 1991-ci il təvəllüdlü G.X. saxlanılıblar.
Polis, narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə saxlanılan şəxsin barəsində məhkəmə qərarı əsasında gizli video çəkiliş aparıb. Kadrlarda ittiham olunan şəxs əvvəlcədən müəyyən olunmuş ərazidə narkotik vasitəni yerləşdirərək sonrakı satışa hazırlayırdı.
Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərinə, yaşayış evlərinə və avtomobilə baxış zamanı müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik vasitələri, o cümlədən “kokain”, “metadon”, “suboteks”, “tramadol”, “lirika” və “ekstazi” maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı və 261-ci maddələri ilə aparılır", – deyə məlumatda qeyd olunub.