
“Sanksiya olunmuş şəxslər tərəfindən idarə olunan bir ölkədə nəinki turizmin, heç bir digər sahənin inkişafı mümkün deyil”.
Aktual.ge xəbər verir ki, bunu “Traffic Travel”in təsisçisi Çotne Japaridze “Radio Palitra”nın efirində söyləyib.
Tbilisidə turistik məkanlarda tam boşluq hökm sürdüyünü ifadə edən turizmci qeyd edib:
“Hazırda turizm bazarında elə ağır vəziyyət yaranıb ki, belə bir durum komendant saatı və COVID pandemiyası ilə bağlı məhdudiyyətlər dövründə belə olmamışdı. Aprel bitmək üzrədir, yay üçün rezervasiyalar artıq başlamalı idi, amma təəssüf ki, çox zəif aktivlik müşahidə olunur.
İstənilən turistik məkanı – məsələn, Cvari, Svetitsxoveli, Kaxeti və ya Tbilisidəki tanınmış yerləri ziyarət etsəniz, tam boşluq görəcəksiniz. Orada yalnız bir neçə yerdə turistlər var, amma onlar da o ölkələrdən deyil ki, Gürcüstana gələn turistlər ölkəyə real iqtisadi fayda versin, yerli insanları işlə təmin etsin.
Hazırkı vəziyyətdə alternativ bir planın mövcudluğu mümkün deyil. Bu ölkədə yaşayan hər bir vətəndaşın yeganə qayğısı ölkənin sağ qalması olmalıdır. Yaxın gələcəkdə heç bir dəyişiklik baş verməzsə və bu istiqamətdə hərəkət etməyə davam etsək, buraya nəinki turist, ümumiyyətlə heç kim gəlməyəcək – ruslar, iranlılar və Şimali Koreya vətəndaşları istisna olmaqla.Ən əsas məsələ – siyasi məhbusların azad edilməsi və ölkənin rus təsirindən qurtarılmasıdır. Bundan vacib heç nə ola bilməz. Əgər bunu bacarmasaq, nə turizmimiz olacaq, nə şərabımız, nə də qürur duya biləcəyimiz və irəliyə aparacaq digər sahələr”.