
Bir neçə qadının kəndbəkənd gəzərək uşaq oğurlamağa cəhd göstərməsi ilə bağlı yayılan iddialar Marneuli və Qardabani sakinləri arasında ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə valideynlərin bir-birini ehtiyatlı olmağa çağıran paylaşımları, eləcə də həmin qadınların ətrafdaki müşahidə kameraları tərəfindən qeydə alındığı iddia edilən görüntülər əhali arasında təşvişi daha da artırıb.
İnsan alveriylə məşğul olduqları iddia edilən həmin qadınların görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəzi valideynlər bununla bağlı Aktual.ge xəbər portalına müraciət edərək, narahatlıqlarını ifadə ediblər.
Yayılan məlumatlara əsasən, bir neçə gün əvvəl Marneuli bələdiyyəsinin Mollaoğlu kəndində naməlum şəxslər azyaşlı uşaqlara 100 lari pul təklif edərək onları aldatmağa və oğurlamağa cəhd ediblər. Oxşar hadisənin Qardabani bələdiyyəsinin Təzəkənd kəndində də baş verdiyi iddia olunur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərilsə də, qurum bu barədə rəsmi açıqlama verməyib.
İddiaların dəqiqləşdirilməsi məqsədilə Marneuli Təhsil Resurs Mərkəzinə də müraciət etdik. Mərkəzin rəhbəri ilə söhbət zamanı o, bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və hazırda bələdiyyədəki məktəblilərlə bağlı hər hansı təhlükəli vəziyyət müşahidə olunmur.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər insan alverçisi “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilmişdi. Bu xəbər də regionda insan alveri və uşaq təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Daha ətraflı Aktual.ge xəbər portalının jurnalisti Salo Salahlının hazırladığı video süjeti təqdim edirik: